A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
mel

Dövlət İmtahan Mərkəzi ADPU-da konfrans keçirdi

ADPU-da “2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na dair konfrans keçirilib
Dekabr ayının 19-da Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na dair konfrans keçirib. Konfransda DİM-in əməkdaşları, Təhsil Nazirliyinin və təhsil şöbələrinin nümayəndələri, ali təhsil müəssisələrinin Azərbaycan dili və riyaziyyat fənləri üzrə kafedra müdirləri, orta təhsil müəssisələrinin Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimləri, metodistlər iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb və bildirib ki, bu məzmunlu tədbirlərin ADPU-da keçirilməsi qanunauyğun bir haldır. Çünki ADPU müəllim hazırlığı ilə məşğul olur. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Hazırda ADPU-da filiallar və Pedaqoji Kolleclə birlikdə 20 minə yaxın tələbə təhsil alır. Bu tədbir müəllim hazırlığına xidmət edən bir tədbirdir.
DİM-in Direktor Şurasının sədri Məleykə Abbaszadə konfransda çıxış edərək ümumi təhsil səviyyəsi (IX illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə ilə çıxış edib, bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verib. Məleykə Abbaszadə bildirib ki, Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” təsdiq edilmişdir. 2016-2017-ci tədris ilin¬də ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) təhsil¬alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün yeniliklər nəzərə alınaraq yeni qaydalar əsasında həyata keçiriləcəkdir.
M.Abbaszadə qeyd edib ki, 2008-ci ildən başlayaraq res¬pub¬likanın ümum¬təhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərslik¬lərdən istifadə edilir. Yeni təhsil proqramlarının tətbiqi ilə qiymət¬ləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranmışdı. Bu istiqamətdə görü¬lən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsas¬naməsində dəyi¬şiklik edilməsi barədə Azərbaycan Res¬pub¬likası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verdi. Həmin Fərmanla TQDK-ya yekun qiymət-lən¬dirmənin (attestasiyanın) təşkili məqsədilə respub¬likanın ümumtəhsil müəssisələrinin V-XI sinif şa¬girdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK 2013-cü ildən başlayaraq respublikanın bütün bölgələrini əhatə edən ümum¬təhsil müəs¬¬sisə¬lərində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) mo¬nitorinq imtahanları ke¬çirdi. Bu il IX sinif üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin 85000-dən çoxu qeyd olunan monitorinq imtahanlarında iştirak edib. Bu imtahanların nəticələrinə əsasən, yazı işlərinin (eləcə də esselərin) yoxlanılması pro¬sesini həyata ke¬çirmək üçün yeni qiymət¬ləndirmə mexanizmi işlənib-ha¬zırlanıb. Qəbul edilən mexanizm yeni bir metod olaraq 4 ildir ki, respub¬likamızda qiymətləndirmə sahə¬sində tətbiq edilir. Bundan əlavə, imtahanda yazılı cavab vermək tələb olunan açıq tipli sualları yoxlayan markerlər bazası formalaşdırılıb. Hazırda bu bazada Azərbaycan dili fənni üzrə 700-ə, riyaziyyat fənni üzrə 550-ə, rus dili fənni üzrə isə 30-a yaxın ekspert-marker var.
DİM-in Direktorlar Şurasının sədri çıxışına davam edərək bildirib ki, təsdiq olunmuş yeni qaydalara əsasən IX sinifdə buraxılış imtahanı iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli (cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı), 10 qapalı tipli (verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı), riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. Birinci mərhələ üzrə maksimum 30, ikinci mərhələ üzrə 70 bal toplamaq mümkündür. Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 2 saat 30 dəqiqədir. Tapşırıqların yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir.
Nəzərinizə çatdırırıq ki, IX sinif üzrə buraxılış imtahanının yeni qaydaları, V IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, test tapşırığı nümunələri, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilmişdir. Həmçinin ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında nəşr edilib. IX siniflər üzrə kitablar isə dekabrın sonlarında çap ediləcəkdir.
Xatırladaq ki, buraxılış imtahanının yeni qaydalarına dair respublikanın bölgələrində bütün təhsil ictimaiyyətinin iştirakı ilə DİM əməkdaşları və fənn ekspertləri tərəfindən seminarlar keçirilir. 22 oktyabrda Gəncədə, 29 oktyabrda Şirvanda, 6 noyabrda Şəkidə, 12 noyabrda Naxçıvanda, 19 noyabrda Lənkəranda, 27 noyabrda Ağcabədidə, 3 dekabrda Göyçayda, 10 dekabrda Xaçmazda seminarlar keçirilmişdir. Növbəti seminar bu gün ADPU-da keçirilir. 2017 ci ilin yanvarında isə DİM valideyn və müəllimlərlə görüşlər keçirəcək. Bu görüşlərdə valideynlər, müəllimlər IX siniflər üzrə buraxılış imtahanları ilə bağlı yeni qaydalar, onlara aydın olmayan məsələlərlə bağlı suallara cavab ala biləcəklər. Ümumtəhsil məktəblərinin IX sinif şagirdləri, həmçinin buraxılış imtahanının I mərhələsi üzrə http://imtahan.az/ saytına daxil olub online sınaq imtahanında iştirak edə bilərlər. Açıq tipli test tapşırıqlarına yazılı cavab vermək tələb olunduğundan nəticələr markerlər tərəfindən 24 saat ərzində yoxlanılır və sistemə daxil edilir.
Tam orta təhsil (XI sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında isə dəyişiklik edilməyib. Təsdiq olunmuş qaydalara əsasən imtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə keçiriləcək. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı qaydaları, imtahan proqramları, test tapşırığı nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilmişdir. Qeyd edək ki, buraxılış imtahanlarının (IX və XI sinif) keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.
Konfransda qaydalara dair suallar cavablandırılıb. Sonra müzakirələr müvafiq fənlər üzrə seksiyalarda davam etdirilib.

 

mel mel1 mel2 mel3 mel4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>