A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1480450517_15301322_725813767576809_1165591771_n

Bakı Slavyan Universitetinin tələbələri universitetin və rektorun müdafiəsinə qalxdı

Ötən gün Bakı Slavayan Universiteti haqda qərəzli və sifarişli yazılara yenidən rast gəldik. Mən nə universitet rəsmisiyəm, nə də bir işçisi. Həmin Universitetdə bir tələbəyəm, özü də birinci kurs tələbəsi. Əgər bu yazılar haqlı olsaydı, nə narahatlıq hissi keçirərdim, nə də atılan bu addımlara bir tələbə olaraq iradımı bildirərdim. Belə bir yazılardan biri də ötən gün təhsil eksperti, özü də fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev tərəfindən yazılaraq, ictimaiətə təqdim olunub. Ekspertin dediyinə görə, o, müşahidəsini və araşdırmasını davam etdirəcək. Biz razıyıq, amma siz hansı müşahidədən danışırsınız?
Siz heç 2016/2017-cı tədris ilində addımınızı Universitetin qapısından içəri atmısınızmı? Biz tələbələrlə və ya işçilərlə söhbətlər aparmısınızmı? Cavab bəllidir, əlbəttə ki, xeyr, mən aktiv bir tələbə olaraq sizi Universitetimizdə heç görməmişəm. Bizim təhsil ocağının qapıları hər bir jurnalist, hər bir ekspert üçün açıq olduğu bəllidir. Onlar istənilən vaxt gəlib biz tələbələr arasında anonim sorğular da keçirə bilərdi və ya indi də keçirə bilərlər. Sadalayacağım məsələlərin nə qədər düzgün olmasına əmin olmaq istəyirsinizsə, gəlib siz də sorğunuzu keçirə bilərsiniz. Universitetimiz və biz tələbələr də bundan məmnun olarıq, yetər ki, bizim qürurumuzu, adımızı yalanlarınızla ləkələməyin. Sifarişli və qərəzli yazılarınızla siz tək Universitetin deyil, hər bir tələbənin, mənəviyyatı və şəxsiyyətinə toxunmuş olursunuz. Əziz ekspert, bu məsələni nəzərinizə çatdırmağı çox istəyirik.
Hörmətli Etibar Əliyev və digərləri, sizlər təmir işlərindən söhbət açırsınız, yaxşı, siz Universitetin təmirdən sonrakı vəziyyətini görmüsünüzmü? Tələbələr üçün yaradılan müasir təchizatdan xəbəriniz varmı? Sizlər yaxşı bilərsiniz, ötən il Bakı Slavyan Universitetində bu gün yaradılmış şərait mövcud deyildi. Sual ola bilər ki, siz birinci kurssunuz, bəs sizin məlumatınız haradan idi? Yeni tələbə olmağıma baxmayaraq  2015/2016-cı tədris ilində “Bir Günlük Xəlifə” Tələbə Özünüidarəetmə günü ilə bağlı keçirilən tədbirə fotoqraf kimi ezam olunmuşam. O gündən etibarən, istər universitetin akt zalı, istərsə də tədris otaqları ilə çox yaxşı tanışam və gördüklərimi bir tələbə kimi deməyi özümə borc bilirəm. Bu illə ötən ili müqayisə etdikdə Universitetdə yaradılmış bu şərait, təmir işləri həqiqətən də təqdirəlayiq qiymətləndirilməlidir. Hal-hazırda bizim 600-dən çox yerə mənsub olan auditoriyaya sahib Akt zalımız var. Və burada möhtəşəm tədbirlər, görüşlər keçirilir. Bunun nəyi pisdir? Biz tələbələr Akt zalında məşhur və gənc yazarlarla görüşlərin təşkil edilməsi, o cümlədən onların kitab təqdimatı və imza mərasimlərini, “şeir gecə”lərini təşkil etmək üçün xüsusi layihələr hazırlamışıq. Çox xoşdur ki, hazırladığımız layihələr anındaca qəbul olunur və hər birimiz üçün şərait yaradılır.

Ekspert qeyd edib ki, rektor ayrıseçkiliyi, mühüm təsisatları ləğv etməsi, o cümlədən kobud səhvləri ilə ali məktəbi xeyli zəiflətməyi bacardı. Siz hansı ayrıseçkilikdən danışırsınız? Tələbələri qapıda gözlətmədən bütün problemlərini dinləyib, öz balası kimi onlara əlindən gələni etməsi, bunun üçün müvafiq tapşırıqlar verməsimi ayrıseçkilikdir? Və ya ötən illər yaranmış bütün boşluqları aradan qaldırmaq üçün potensiallı kadrlara üstünlük verməsimi? Mühüm təsisatları ləğv etmək kimə nə qazandıra bilər ki? Və ya bu, Nurlana xanıma nə qazandırır? Bir tələbə olaraq, hörmətli ekspertimizi və digərlərini Azərbaycan Respublikası Əmək Məcəlləsində “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” və “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları” mövzularına nəzərdən keçirməsini rica edirik. İstər ixtisarlar, istər bəzi ştatların ləğvi Əmək Məcəlləsinə uyğun həyata keçirilir. Haşiyədən kənara çıxmalı olsam da, 78-ci maddənin 1-ci bəndini elə burdaca nəzərinizə çatdırmaq istəyirəm: “Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir”. Peşəkarlıq səviyyəsini daha da yüksəltmək hansı qurumu zəiflədə bilər ki? Əsassız fikirlər, əsassız ittihamlar…
Universitetdə fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin sıxışdırılması və diqqətsiz qalmasından da söhbət açılıb. Yəqin, çox hörmətli ekspertimizin xəbəri yoxdur ki, sentyabr ayından etibarən hər həftə Universitetə xaricdən çoxsaylı  alimlər, mədəniyyət xadimləri, rəsmi şəxslər gəlir, müqavilələrin bağlandığının şahidi oluruq. Bəzi faktları da qeyd edə bilərik: ABŞ-ın Viskonsin Universitetinin rektoru Peter Tase, Paraqvay Milli Şərq Universitetinin rektoru, Paraqvay Parlamentinin deputatı Esmerita Sançes de Da Silva, Portuqaliya Universitetinin prorektoru Teresa do Rosario Domasio, Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, Belorusiyanın Azərbaycandakı səfirliyinin böyük məsləhətçisi Dmitriy Oleqoviç Qarboçev, Polşa Təhsl Nazirliyinin nümayəndəsi Mixal Sobçik, tanınmış alman tədqiqatçısı Ziqlinde Hartmann, Türkiyənin Yunis Əmrə Universitetinin nümayəndələri , Bolqarıstanın “Standart” qəzetinin təsisçisi və redaktoru Slavka Buzukova, Moskva Dövlət Pedaqoji Universitetinin  müəllim-professor heyəti bu universitetin qonağı olub, mərkəzlərlə tanış olub, o cümlədən tələbələrlə söhbətlər apararaq buna uyğun olaraq əməkdaşlıq üçün rəhbərliyə təkliflər paketi təqdim ediblər. Bu qədər işi diqqətsizlik kimi qiymətləndirmək bir ekspert rəyi ola bilməz axı…

Hətta Etibar Əliyev Universitet daxili bədbinlik, inamsızlıqdan da “dəm” vurub. O hansı inamsızlıqdır, o hansı bədbinlikdir ki, heç bir işçinin, heç bir müəllimin, heç bir tələbənin xəbəri yoxdur? Digər işləri qoyaq bir kənara, Bakı Slavyan Universitetində oxuyan hər bir insaflı tələbə, müəllimlərin necə həvəslə, maraqla, pozitiv enerji ilə dərs keçdiyini çox yaxşı bilir. Axı müəllim uca addır, onların zəhmətini, əziyyətini, tələbələrin daha da yüksək təhsil alması üçün tökdükləri alın tərini görməməzlikdən gəlmək olmaz! Dekanlar, dekan müavinləri və tyutorların əziyyətini də bu cür qiymətləndirmək işdirmi? Onlar hər gün, hər saat bütün tələbələrlə təmasda olurlar, problemlərini dinləyir, rəhbərliyin göstərişi ilə hər cür yardımı əsirgəmirlər. Tələbəyik, yemək almağa pulumuz olmayan günümüz də olub, öz ciblərindən bir ata, bir qardaş, bir ana kimi bizə əl tutan müəllimlərimiz, dekanlarımız, prorektorlarımız da var axı. Bu cür işlərdə “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakültəsinə yeni dekan təyin olunmasına baxmayaraq, tələbələr arasında xeyli rəğbət qazanmış Şirinbəy Əliyevin də adını qeyd etmək lazımdır, hətta digər dekanların da. Siz təsəvvür edə bilirsinizmi ki, biz tələbələr hər bir dərdimizi çox rahatlıqla prorektorlarımıza, rektor Nurlana xanıma deyə bilirik. Məntiqlə düşünək, Tərbiyə işləri üzrə prorektor Xanım Sultanovanın tələbələrlə sıx təması, yeni layihələrdə tələbələrə dəstək olması və icrasına başlanılması üçün xüsusi tapşırıqlar verməsi, o cümlədən çox hörmət bəslədiyimiz digər prorektorların, dekanların, dekan müavinlərinin, müəllimlərin tələbələrə göstərdiyi diqqət və qayğı Universitetdə inamsızlıq, ruh düşkünlüyü yarada bilərmi sizcə?
Tələbələr də, müəllimlər də çox yaxşı bilir ki, hörmətli rektorumuzun ciddi tapşırığı əsasında ötən illər yaranmış boşluqlar, “tələbə kəsrləri” birmənalı olaraq aradan qalxıb. Hətta bu barədə rektorun şəxsən özü tələbələrlə görüşü zamanı ciddi söhbətlər aparıb, qəti tapşırıqlar verib, tələbələrin ciddi şəkildə dərslərinə vaxt ayırmağını xahiş edib. O cümlədən bütün dekanlar hər biri ayrı-ayrılıqda tələbələrlə görüşlər təşkil edir, söhbətlər aparır. Əgər belə bir hal baş verərsə, ciddi cəzalar tətbiq olunacağı barədə hər bir tələbəyə və müəllimlərə məlumatlar verilir. Universitet rektorunun tələbələrə göstərişi odur ki, yaranmış problem və şikayətlərinizi rahatlıqla və çəkinmədən gəlib deyə bilərsiniz. Tələbələrə bu cür azadlığın verilməsini biz necə dana bilərik? Onu da qeyd edək ki, Universitet rektoru professor Nurlana xanım Əliyeva diqqət və qayğısı ilə Bakı Slavyan Universiteti tələbələri və kollektivi arasında xeyli rəğbət qazanıb.     Hörmətli ekspert, biz tələbələr tənqidi sevirik, yalnız haqlı tənqidləri. Hə, bir də unutmadan, imtahanlara da cəmi bir ay qalıb, görək ondan sonra nə yazacaqsınız. Biz, tələbələr sessiya sonu haqlı və qərəzsiz rəylərinizi mütləq gözləyəcəyik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>