A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
Teymur Sadixov  ADEX1 (4)

Fəxrimiz Teymur Sadıxovla şedevr müsahibə: “ADA, Qafqaz və Bakı Ali Neft Məktəbində ali təhsilin keyfiyyəti yüksəkdir”

“Klintonu dəstəkləyirəm, Trampın prezident olmasını istəmirəm”

AzVision.az-ın müsahibi NASA kimi nüfuzlu qurumda çalışmış azərbaycanlı gənc alim Teymur Sadıxovdur. Aerokosmik mühəndislik üzrə fəlsəfə elmləri doktoru olan Teymur Sadıxov hazırda Amerikada “Mercedes-Benz” şirkətinin elmi-tətqiqat mərkəzində baş mühədis işləyir.

Teymur Sadıxov bu yaxınlarda Müdafiə Sənayesi Nazirliyinin xüsusi dəvəti ilə Azərbaycana gəlib və “ADEX-2016” sərgisində iştirak edib.

Bakıya səfəri zamanı Teymur Sadıxov suallarımızı cavablandırıb.

– “ADEX-2016” sərgisindən razı qaldınızmı?

-Əlbəttə, razı qaldım. Burada seminarlarım, maraqlı görüşlərim oldu. İsraillə birlikdə Azərbaycanda dronların istehsal edildiyini gördüm. Həqiqətən də inkişaf hiss olunur. Zənnimcə, gələcək robotların əlindədir. Müdafiə sektorunda robotlardan istifadə etməyən ölkələr geridə qalmış hesab olunur. Amerika bu sahəyə böyük investisiyalar yatırır. Əgər robotlardan istifadə edilərsə, hər şey daha asan başa gələcək, insan həyatı qorunacaq. Azərbaycanda bu istiqamətdə inkişaf hiss olunur.

Qeyd edim ki, robotların hazırlanması üçün həddindən artıq investisiya tələb olunur. Bu, ölkənin tələbatına və investisiyanın məbləğənə bağlıdır. Fikrimcə, bütün pulu bu sahəyə yatırmaq düzgün deyil. Burada əsas məqsəd insan faktorunu robotla əvəz etməkdir. Hesab edirəm ki, dünyanı robotlar idarə edəcək.

Hər il Amerikada 30 min insan yol qəzasında həlak olur. Bunların çoxu insanların səhvlərinə görə baş verir. İnsan faktorunu bir kənara qoyub robortlara üstünlük versək, onların həyatlarını xilas etmiş olacağıq. Qoca və xəstə insanlara yardım etmək üçün də robotlardan istifadə etmək olar.

– Yeni texnologiyaların müharibə, döyüş vəziyyətlərində üstünlükləri nədən ibarətdir?

-Hazırda texnologiya dövrüdür. Müharibə şəraitində uzaqdan idarə olunan dronlardan istifadə olunur. Bu aparatların böyük üstünlükləri var.

-Təhsilinizlə bağlı danışmaq istərdik.

– Bakıda 211 saylı orta məktəbi əla qiymətlərlə bitirmişəm. Daha sonra TCS (Türkiyə Cümhuriyyəti Sınavları) imtahanı ilə Türkiyə universitetinə qəbul olmuşdum. İstanbul Texniki Universitetindən Təyyarə Mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsiylə universitet birincisi olaraq məzun olmuşam.

Bundan başqa universitetin 1773-cü ildə qurulmasından etibarən 4.00 üzərindən 4.00 ortalama qiymətlə məzun olan ilk tələbə olaraq tarixə düşmüşəm.

Nəticədə dünyanın ən yüksək reytinqli mühəndislik və texnologiya ali məktəblərinə bakalavr sonrası təhsilə qəbul oldum. Müraciət etdiyim 10 ali məktəbin 10-na təqaüdlü əsaslarla daxil ola bildim. Bunlar Purdue University West Lafayette, Massachusetts Institute of Technology, University of Texas at Austin, University of Minnesota Twin Cities, University of Maryland College Park, University of Michigan Ann Arbor, Virginia Tech-di, University of California San Diego, Stanford University, University of Illinois at Urbana Champaigndır.

2008-ci ilin sentyabrında Kaliforniya Universiteti San Diego-nun Mexanika və Aerokosmik Mühəndislik fakültəsində Powell Fondu təqaüdçüsü olaraq elmi təhsilə başlamışam. 2010-cu ilin iyun ayında əla qiymətlərlə Mühəndislik Elmləri, Mexanika Mühəndisliyi ixtisasının magistr dərəcəsi üzrə məzunam. 2010-cu ildə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik Mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunun Aerokosmik Mühəndisliyi fakültəsində təhsilimi davam etdirdim. Hazırda aerokosmik mühəndislik üzrə fəlsəfə eləmlər doktoruyam.

– Bildiyimiz kimi hazırda “Mercedes-Benz” şirkətində çalışırsınız. Orada işiniz nədən ibarətdir?

– Bəli, hazırda gördüyümüz iş elmi-tətqiqatdır. Kamera və radarlardan istifadə edərək ətraf mühitdən informasiyanı toplayıb və bununla maşın üzərində planlama edirik. Bu, o deməkdir ki, insanları sükan arxasından uzaqlaşdırıb, maşını robotlarla idarə etmək istəyirik. Mənim əsas gördüyüm iş trayektoriyanın və ümumilikdə planlamanı hesablamaqdır. Məsələn, maşının yolda öz xətti ilə getməsi, digərləri ilə ara məsafənin saxlanması, işıqforlarda maşının dayanması və s. Bunların hamısını bizim komanda yerinə yetirir. Bu maşınlar dünyanı heyrətə gətirəcək.

– Bu istiqamətə fəaliyyətinizi Azərbaycanda davam etdirmək istərdinizmi?

-Hər şey Azərbaycanın istəyindən aslıdır. Təbii ki, mənim kariyera istəyim də vacibdir. Hazırda bilmirəm ki, Azərbaycan bu işlərə nə qədər investisya yatırmaq istəyir. Amma mümkün olsa, fikirləşmək olar.

-Bir müddət NASA-da işləmisiniz. Bu, Azərbaycan vətəndaşı üçün böyük uğurdur.

-NASA-da elmi araşdırmaçı kimi çalışırdım. NASA-ya keçidim universitetlə əlaqəli olub. 2013-cü ildə Sikorski vertolyotlarında özü-özünə idarə olunan vertolyotlar üzərində işləyirdim. Bu, Konnektikut ştatında yerləşir. Daha sonra 2014-cü ilin yayında NASA-dan bir neçə nəfər bizim universitetə müraciət etdi. Bizim fakültə dünyada aerokosmik mühəndislik üzrə ən böyük departament sayılır. Dedilər ki, bizə kömək lazımdır və sizin məsləhət görə biləcəyiniz tələbələr varmı? Bir neçə professor məni məsləhət gördü və beləliklə NASA-da işə başladım. Bir neçə layihə var idi, xoşuma gəldi və mən orada çalışmağa başladım. Orada bir neçə layihə vardı. Onlardan biri Amerikan Donanması ilə birgə layihə idi. Donanmanın “Hummer”lərinin plitosuzlaşdırılması layihənin əsas məqsədi idi. Həm şəhərdə, həm də şəhərdən kənarda pilotsuz idarə olunun “Hummer”lərin hərəkəti üzərində çalışdım. Beləliklə, aerokosmik mühəndislikdən yer üzərindəki robotlara keçdim. Bu işi sevdiyim üçün daha sonra “Mercedes –Benz” şirkətinə transfer oldum.

-NASA-da iş rejiminiz necə idi? Sizdən nələr tələb olunurdu?

-Bizim işimiz robotik sistemlərlə bağlı idi. Orada işləmək üçün robotlarla bağlı təcrübənin olması, bu sahə üzrə ekspert olmaq vacibdir. “Mercedes-Benz”də isə pilotsuz idarə olunan maşınlar üzərində işləyirik. Normalda iş rejimi həftədə 40 saatdır. NASA-da iki həftə ərzində 80 saat işləyirdim.

-Orada sizdən başqa Azərbaycanlı var idi?

-Sözün açığı, mənim rastıma çıxmayıb.

-NASA deyəndə kosmik səma cisimləri nəzərdə tutulur.

-Mənim layihələrimin bəziləri kosmik fəaliyyətlələrə bağlı idi. Bu barədə çox məlumat verə bilmərəm. Qeyd edə bilərəm ki, bu, daha çox Mars üzərindəki kosmik robotlarla bağlı idi. Həmin kosmik robortlarla əlaqədar müəyyən tətqiqatlarım olub.

-Marsda canlı həyatın olub-olmaması haqda müzakirələr gedir. Sizin necə düşünürsünüz?

-Hazırda Marsda chəyatın olduğu sübut olunmayıb. Elmi sübut yoxdur. Demək ki, orada heç bir həyat da yoxdur. Belə məlumatlara inanmaq düzgün deyil. Marsdan əldə edilən məlumatlara fiziklər, bioloqlar baxırlar. Biz isə robortlarla işləyirdik. Əlbəttə, biz Marsda insan tapa bilmərik. Curiosity adlı robot Marsa bizim labarotoriyamız tərəfindən göndərilib.

– Pilotsuz idarə olunan avtomobillərin təqdimatı nə zaman olacaq?

-Hazırda biz elmi tətqiqat işlərini davam etdiririk. Açıq yollarda həmin avtomobilləri test edirik. Satış ən azı 4-5 il sonra mümkün olacaq.

-Həmin maşınlar Azərbaycana da satılacaqmı?

-Bizə yol xəritəsi haqqında dəqiq məlumat lazımdır. Əvvəlcə buranın yolları barədə dəqiq xəritəni çıxarmalıyıq. Bundan sonra mümkün ola bilər.

-Bizim yollar həmin avtomillərin idarə olunması üçün uyğun deyil?

-Yollara müəyyən xətlər çəkilməli və yol nişanları quraşdırılmalıdır. İnsanların sürücülük səviyyələri də yüksək olmalıdır. Bəzən sürücülər düz xətlərin üzərində sürürlər. Bu da robotların görməsinə maeə ola bilər. Biz çalışırıq ki, həmin maşınlar bütün şəraitlərdə özlərini idarə edə bilsinlər.

-Qiymətlər bəllidirmi?

-Hazırda qiymətlər müəyyən edilməyib. Yəqin k, yüksək olacaq.

– Yəqin ki, siz də həmin avtomobillərdən istifadə edəcəksiniz

-Hazırda istifadə etdiyim “Mercedes” maşınında yalnız magistral yollarda sürücüsüz idarə etmə funksiyası var. Öz-özünə sürmə qarşıda olan maşınla ara məsafəni saxlamaq və xətt üzərində getməkdir. Şəhərdə bunu etmək asan deyil. Çünki şəhərdə həddindən çox qaydalara əməl etmək lazımdır.

-Başqa şirkətlərdən iş təklifləri alırsınızmı?

– Mən Silikon Vadisində işləyirəm. İşlə bağlı həddindən çox təklif alıram. Mühəndislik, pilotsuz maşınlar hazırda ən məşhur sahədir.

– İş yeri seçərkən nəyə üstünlük verirsiniz, yüksək maaşa, yoxsa,..?

-Fikirimcə, perspektiv baxımından həm kariyera, həm də maddi dəstək yaxşı olmalıdır. Hə ikisini də nəzərə alıram.

-Gələcəkdə öz şirkətinizi qurmaq istərdinizmi?

-Bunu sabah da edə bilərəm. Amma əvvəlcədən heç bir plan qurmuram. Ola bilsin ki, yaradacağım şirkət öz-özünə idarə olunan maşınlar və ya paketləri dağıdan poçt maşınları istehsal edəcək. “Humanoid” robotlar yaratmaq da mümkün ola bilər.

-Bu sahədə sizdən başqa azərbaycanlı varmı?

– Sözün açığı mən bu sahədə Azərbaycan heç kimi tanımıram. Təyyarə mühəndsiliyindən tutmuş robot hazırlamağa qədər müxtəlif sahələrdə işləmişəm, amma azərbaycanlıya rast gəlməmişəm.

– İş təkliflərinin çox olduğunu bildirdiniz. Hansı məşhur şirkətlərə “yox” demisiniz?

-Onların adını çəkmək düzgün olmaz. Hələ də təkliflər var. Xoşuma gələn layihə olsa, iş yerimi dəyişmək haqda düşünə bilərəm. Hazırda belə planım yoxdur.

-Sevindirici haldır ki, bir azərbaycanlı ölkə hüquqlarından kənarda böyük uğurlara imza atıb. Buna necə nail oldunuz?

-Motivasiya varsa, uğur qazanmaq asandır. İlk növbədə işə sevgi, qayğı ilə yanaşmaq lazımdır.

– Bu pilləri aşmaq üçün sizə kimlər dəstək olub?

-Mən həmişə dövlət məktəblərində təhsil almışam. Türkiyədə təhsilim Türkiyə Cümhuriyyətləri Sınavı (TCS) ilə bağlı idi. Bu da ödənişsiz təhsildir. Həm Türkiyə, həm də Azərbaycan dövlətindən təqaüd alırdım. Kaliforniya Universiteti San Diego-nun Mexanika və Aerokosmik Mühəndislik fakültəsində Powell Fondunun təqaüdçüsü olmuşam. Doktorantura təhsilim Amerikan Hava Qüvvələri Elmi Tədqiqat Ofisi (AFOSR) və NASA Dryden (yeni adı Armstrong) Uçuş Tədqiqat Mərkəzinin qrantları ilə maliyyələşdirilib. Təbii ki, Amerikada və Türkiyədə oxuduğum zamanlarda başqa yerlərdən də təqaüdlər alırdım. Yaxşı oxuyan tələbə üçün hər tərəfdə “yaşıl işıq” yandırılır.
Etiraf edim ki, təhsilə pul xərcləməmişəm və buna qarşıyam. Özəl məktəblərin tərəfdarı deyiləm. Güclü dövlət məktəbləri mövcuddur. İstədiyinizi orada əldə edə bilərsiniz.

-Necə bir ailədə böyümsünüz?

-Normal azərbaycanlı ailəsində böyümüşəm. Anam əvvəl bağça müəlliməsi işləyib. Sonra bağçada müdir köməkçisi olub. Atam Energetika İnsititunda işləyib.

– Xaricdə təhsil alan gənc olaraq ölkəmizin təhsil sistemini necə qiymətləndirirsiniz?

– Azərbaycanda yaxşı universitetlər var. Məncə, bakalavr səviyyəsini yüksəltmək çətin iş deyil. Yaxşı müəllim və bir az da investisiya ilə bakalavrların bilik səviyyəsini yüksəltmək olar. Bakalavrdan sonrakı təhsili artırmaq isə bir az çətindir. Çünki burada elmi-tətqiqat əsasdır. Bunun üçün həddindən çox investisiya lazımdır. Bu baxımdan Avropa daxil olmalaq bir çox ölkələrdən gənclər əlavə təhsil almaq üçün Amerikaya üz tuturlar. Amerikada elmi-tətqiqat sahəsi inkişaf edib.

– Hədəfləriniz nədən ibarətdir?

– Bir müddət öz-özünə idarə olunan texnologiyalar üzərində işləyəcəyəm. Hansı şirkətlərə gedəcəyim bilinmir. İş yerimi tez-tez dəyişə bilərəm. Humanoid robotlar üzərində işimi davam etdirməyi düşünürəm.

-Dövlət hesabına xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmasından problem yaşanır. Sizcə, gənclər niyə qayıtmaq istəmirlər?

-Bu barədə fikirlərimi Təhsil Naziliriyinə də bildirmişəm. Bizdə tələbəni bakalavr və magist təhsili üçün Amerikaya və ya başqa ölkələrə göndərirlər. Xeyli məbləğdə pullar xərcləyirlər. Sonra həmin tələbələr geri qayıtmır. Təqribən bir magistri Amerikaya göndərmək üçün dövlət təxminən 200 min dollar xərcləyir. Magistr təhsili uzun müddətli deyil. Məncə, təhsil üçün bir il ərzində 50 min dollar xərcləmək çox böyük puldur. Hesab edirəm ki, bu pulu Azərbaycan təhsilinin inkişafına yönəltmək lazımdır. Müəllimlərin maaşını artırmaq da bura daxildir.
Hazırda təhsildə inkişaf gedir. ADA, Qafqaz və Bakı Ali Neft Məktəbində ali təhsilin keyfiyyəti yüksəkdir.

– Müvəqqəti də olsa Bakıdasınız. Paytaxtda nələr dəyişib?

-Bakı tamam dəyişib, şəhər inkişaf edir. Diqqətimi çəkən məqam sürücülərdir. Əvvəlki illərlə müqayisədə nisbətən sürücülük mədəniyyəti formalaşıb. Bakı gözəlləşib. Çox istərdim ki, insaların həyat şəraiti, təhsili daha yaxşı olsun. Bu istiqamətdə uğurlu addımların atıldığının şahidi oldum.
Amerikada orta səviyyəli və həddindən artıq varlı insanlar yaşayır. Mən orta səviyyəli insanların üst pilləsində dururam. Orada mühəndislər orta təbəqə sayılır. Normal həyat yaşayıram.

-Ailəlisinizmi?

-Mən konsevativ insan deyiləm. Liberalam. 18 yaşdan sonra uşağa bir az azadlıq vermək lazımdır. Mən 16 yaşımdan evdən çıxmışam. Şükür Allaha, heç bir problem olmayıb. Amerika və Azərbaycan buna görə çox fərqlənir. Amerikada uşaqlar 15 yaşından işləməyə başlayırlar. Onlar valideyndən aslı olmurlar. Azərbaycanda ailə bağları möhkəmdir. Bəzən buna görə başqalarının hüquqları tapdanır. Bu, düzgün deyil.

-Amerikda yaxın dostlarınız varmı?

– Azərbaycanlı dostlarım çoxdur. Amerikalı və alman dostlarım da var. Məncə, əsl dost sadiq olmalıdır. Lazım olanda yanında olmalıdır.

-Donald Tramp, yoxsa Hillary Klinton?

-Hazırda Amerika vətəndaşı deyiləm. Buna görə səs vermə hüququm yoxdur. Dəstəklədiyim liberal namizdə olacaq. Bu da Hillari Klintondur.

-Tampın müsəlmanlara qarşı səsləndirdiyi fikirlərə münasibətiniz necədir? Müsəlman olduğunuza görə sizi qınayanlar olurmu?

– Amerikada müsəlman olduğum üçün pis münasibət görməmişəm. Cənub ştatlarda belə hallar ola bilər. Tramp sadəcə danışmağı bacarır. O, vaxtilə özünə demokrat deyirdi, indi isə respublikaçı olub. Trampın prezident seçiləcəyinə inanmıram. O, prezidentliyə hazır deyil.

– “Mercedes-Benz”in baş mühəndisi Bakıda maşın sürə bilirmi?

– Bakıda maşın sürməyi tərgitmişəm. Əsəblərimi korlamaq istəmirəm. Amerikada maşın sürmək daha rahatdır. Burada vəziyyət fərqlidr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>