A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
44732

«Müəllimlər Boloniya sisteminə əməl etmirlər»

Turizm və Menecment Universitetinin tələbəsi diskriminasiyadan şikayətlənir..
Prorektor Eldar Aslanov: «Mən o tələbəyə demişəm ki, vaxt gələcək sən o müəllimləri təşəkkürlə yad edəcəksən»
Noyabrın 24-də Azərbaycan Turizm və Menecment Universitetinin Turizm Təşkili və Qonaqpərvərlik fakültəsinin 4-cü kurs tələbəsi Zaur Qurbanov tərəfindən şikayət məktubu daxil olub.
T.Məmmədovun sözlərinə görə, universitetin konkret seçilmiş müəllimləri var ki, ancaq tələbələrə təzyiq göstərir və onların kəsilməsi üçün müəyyən addımlar atırlar: “Bu müəllimlər Boloniya sistemini bilmir və orada göstərilən qaydalara 1 faiz belə əməl etmirlər. Əslində təhsildə bu sistemi qəbul etməklə daha perspektivli nəticə əldə etmək olar. Universitetin Biznes kafedrasının bir neçə müəllimi bu mövqedən çıxış edir. Nümunə olaraq həmin kafedranın müəllimləri olan Araz Osmanov və Elnarə Allaqiyevanı göstərmək olar. Araz müəllim bir gündə 15 qayıb və 10 dənə 0 (sıfır) qiyməti yazıb. Bununla bağlı Biznes kafedrasının müdiri olan Bahadur Bilalova müraciət olunsa da, heç bir tədbir görmədi. Həmin məsələni Turizm Təşkili və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov həll etdi. Bundan sonra Araz müəllim bunun heyfini almaq, imtahandan məni çıxarmaq üçün süni yollara əl atırdı. Həmin kafedrada çalışan Gülşən müəllimi tələbələrə yüksək qiymət yazdığına görə universitetdən uzaqlaşdırdılar (Bunu kafedra müdiri Bahadur Bilalov özü deyir)”.
Z.Qurbanovun sözlərinə görə, Biznes kafedrasının digər müəllimi Elnarə Allaqıyevanın -1 (mənfi) balla qiymətləndirilməsi barəsində Bahadur Bilalova müraciət edilsə də, heç bir nəticə olmayıb: “Bundan başqa tələbə 2 dəqiqə dərsə gecikdiyi halda qayıb yazır, amma müəllim 8 dəqiqə gecikir. Bu haqda kafedra müdirinə müraciət edəndə deyir: “Sənə qayıb yazılmalıdır, gecikmisən”. Bəs müəllim gecikəndə neynəmək olar? Cavab olaraq deyir ki, ” O müəllimədir”. Deməli universitetin daxili qayda-qanunlarını bu kafedra müdiri tələbələr və müəllimlər arasında bölür. Bu məsələlərlə bağlı şikayət ərizəsi yazdığıma görə həmin kafedranın müəllimi olan Elnarə Allaqıyeva hər dərs mənə psixoloji təsir göstərir, məni özümdən çıxarır. Kobudluq etdiyim təqdirdə Bahadur Bilalova şikayət edir və mənə böhtanlar atırlar. Dərslər əzrində məni sıxışdırır, 0 (sıfır) balla qiymətləndirir və mənə görə digər tələbələrə qəsdən sıfır yazır. Qrupda mənimlə uşaqlar arasında qarşıdurma yaradır”.
Tələbə deyir ki, müəllimin etdiyi qanunsuzluq barəsində kafedra müdirinə müraciət etsə də, nəticəsiz qalıb. Z.Qurbanovun sözlərinə görə,  kaferdanın müəllimləri dərs müddətində tələbə sakitliyə əməl etmədiyi təqdirdə imtahanda kəsəcəyi ilə hədələyirlər: “Bu müəllimlər və kafedra müdiri bu yollarla gələcəyin hansısa peşə sahibini yetişdirmir. Təzyiq etməklə ziddiyyətli əməllər törədən gənclər yetişdirir.  Bu kafedra ilə yaranan problemlər ya dekanlıq vasitəsilə, ya da universitetin prorektoru Eldar müəllimlə fərdi söhbət əsnasında həll olunub”.
Şikayətlə bağlı Azərbaycan Turizm və Menecment Universitetinə baş çəkdik. Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov deyir ki, Zaur digər tələbələrdən yaşca böyükdür. Onun 26 yaşı var: “Onunla oxuyan tələbələrin isə 20 yaşı var. Yaş amili hər halda öz rolunu oynayır. Çünki onun gözləntisi 20 yaşlı həmkarının gözləntisi qədər deyil. Mən burda tələbəni günahkar görmürəm. Hər halda universitetin də bu yaşda olan tələbəyə daha spesifik yanaşması olmalıdır. Zaur haqqında deyə bilərəm ki, onun dərsə qarşı həddindən artıq tələbkar olması çox nümunəvi haldır. Ancaq konkret halda onun Araz müəllimlə nə problemi olduğunu bilmirəm. Elnarə müəllimə ilə bağlı yaşadığı problemi isə bilirəm. Elnarə müəllimə də çox gənc müəllimdir. Bizim universitetin məzunu, yetirməsidir. Turizm sahəsində kadr azlığı olduğu üçün biz öz yetirmələrimizi müəllim kimi universitetə dəvət edirik. Mən yüz faiz deyə bilmərəm ki, müəllim haqlıdır, tələbə haqsızdır. Ancaq tələbənin müəllimdən şikayətinin mətbuat səviyyəsinə qaldıracaq qədər böyük olduğu qənaətində də deyiləm”.
E.Aslanov deyir ki, universitetdə müəllimlərin davamiyyəti deyilən bir sənəd var. “Hazırda 7-ci həftədəyik və gecikən müəllimlərin adları, izahatları burda qeyd olunur. Dispetçer xidməti tərəfindən yoxlanır. Bir müddət sonra isə bunu barkodlar vasitəsi ilə elektronlaşdıracağıq. Yəni biz müəllimlərin də qeydiyyatını aparırıq. Hansı müəllim ki, müntəzəm dərsə girir, hansı müəllim gecikir, hansı dərsi tez bitirir – bütün bunların bizdə xroniki qeydiyyatı aparılır. İlin sonunda müəllimlərlə illik müqaviləni yeniləyib yeniləməmək üçün əlimizdə əsas olur. Uzun sözün qısası, əgər müəllim gecikirsə, onun qayıbını tələbə yazmır, onu universitetin müvafiq sturukturları qeyd edir. Ancaq tələbənin dərsə gecikməyinin qeydiyyatını müəllim aparır. 1 dəqiqə, ya 60 dəqiqə fərqi yoxdur. Bu nöqteyi-nəzərdən məsələni Zaurla da danışdım və izah etdim. O isə düşünür ki, bu belə olmamalıdır. Müəllimin tələbə tərəfindən qiymətləndirilməsi olmalıdır. Ancaq ilin sonunda biz bunu edirik”.
E.Aslanov deyir ki, Z.Qurbanovla Bahadur müəllim arasında 1-ci kursda anlaşılmazlıq olub. Və indi də Zaurda elə təəssürat yaranıb ki, Bahadur müəllim onunla intriqa aparır: “Ancaq mən Zaurla danışanda da demişəm ki, ali məktəbdə bir tələbə ilə intriqa niyə aparılsın ki? Ya müəllim o qədər zəif olar ki, tələbənin bilikli olması onu sıxar, ya rüşvətin, tapşırığın olduğu bir mühit olsa deyərdim ki, səni sındırmaq istəyirlər. Ki, sabah sən gəlib hansısa müəllimin qılıncının altından keçəsən. Bunların heç biri yoxdur. Ona dərs deyən müəllimlərin hamısı Zaura yüksək ballar veriblər. O qırmızı diploma gedən tələbədir. Əgər o müəllimlər sənə qarşı tələbkardırlar və sonda  yüksək qiymət veriblərsə bunun nəyi pisdir? Mən ona demişəm ki, hətta vaxt gələcək sən o müəllimləri təşəkkürlə yad edəcəksən”.
// Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>