A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
28471

“Bu gün elə müəllimlər var ki, onlar 800-1000 manat əmək haqqı alır”

Ekspertlər daha çox əməkhaqqı məsələsi üzərində dayansalar da, problemlər bununla bitmir
İstər şagirdin, istərsə də tələbinin həyatında müəllimlərin rolu əvəzsizdir. Onların hər birimizin həyatında böyük zəhməti, əziyyəti var. Bu gün Azərbaycan gəncinin həyatının formalaşmasında, gələcəyinin istiqamətlənməsində zəhmət çəkən müəllimlər öz peşə həyatlarında problemlərlə üzləşirlər. Bəs Azərbaycan müəlliminin problemi nələrdir? Onları həll etmək üçün hansı tədbirlər görülməlidir?
“Qərarlar olsa da, işlək mexanizmi olmayıb”
Təhsil eksperti Nadir İsrafilov açıqlamasında bildirdi ki, Azərbaycan müəllimin həmişə birinci problemi əmək haqqı problemi olub: “Son 15-16 ildə təhsilimizdə çox boşluqlar əmələ gəldi. Birdən sovet təhsil sistemindən ayrıldıq, keçid dövrünü yaşadıq və s. O zaman da böyük boşluqlar yarandı. İndi o boşluqları aradan qaldırmaq üçün təhsildə yeni komandanın yaradılması ilə müəyyən işlər görülür. Sözsüz ki, bunu inkar etmək olmaz. Birdən-birə də bunu etmək mümkün deyil. Müəllimlərin əmək haqqının artırılması istiqamətində prosesə başlanıb. Diaqnostik qiymətləndirmə yolu ilə əmək haqqında xeyli fərq var. Bakı təhsili demək olar ki, bu qiymətləndirmədən tamamilə keçib. Əmək haqqlarında yüksəlmə var. Digər 12 rayonda da bu prosesə başlanılıb. Bunlar bilirsiniz, mərhələrlə həyata keçirilir. Müəllimlərin ikinci ən böyük problemi onların işə qəbul prosesi ilə bağlı idi. Xatırladım ki, müəllimlərin işə qəbul prosesi ilə bağlı son illərdə qaydalar 3 dəfə dəyişdirilib”.
N.israfilovun sözlərinə görə əvvəlki qaydalar olduqca mürəkkəb idi: “Müəllimlərin işə qəbul ilə bağlı 70 maddə var idi. Yeni qaydalara əsasən həmin maddələr yarıbayarı azaldılıb. Bununla bağlı olaraq da xeyli vakant yer əmələ gəlib. Qaydalara edilən son dəyişiklik müəllimlərin işə qəbulunu xeyli asanlaşdırdı. İndi o ki, qaldı ən əsas məsələlərdən biri olan müəllimlərin nifuzunun artırılması məsələsinə, bu istiqamətdə də müəyyən işlər görülüb. Bilirsiniz ki, ali məktəblərə qəbul zamanı müəllimlik ixtisasında keçid balına fikir verilmirdi. Ona görə də müəllim peşəsinə yanaşma fərqli idi. Ancaq son dövrlərdə müəllimlik ixtisasında keçid ballarının yüksəldilməsi, 500 bal toplayan və bu ixtisası ilk yazan tələbələrə təqaüdlərin verilməsi müəllimin nifuzunu yüksəltməyə xidmət edən işlərdəndir. Son illər müəllimlərin hazırlanması istiqamətində də müəyyən kurslar, müsabiqələr təşkil olunur. Misal olaraq, ilin müəllimi, ilin məktəbi və s. Sözümün canı odur ki, bu istiqamətdə işlər görülür. Bir də bilirsiniz ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmə gəlir. Baxmayraq ki, 2011-ci ildə Prezidentin bu istiqamətdə sərəncamı oldu və Nazirlər Kabinetinə də tapşırıqlar verildi. Ancaq bu məsələ müəyyən müddət ərzində nəzərdən yayındı. Ancaq indi bu məsələ yenidən gündəmə gəlir”.
Mütəxəssisin fikrincə, əsas odur ki, bu istiqamətdəki baryerlər qırılıb: “Bir məsələ də var ki, təhsil sahəsində birdən-birə nələrsə etmək olmur. 15 ildə bizim təhsilə çox böyük zərbə dəydi. Onu da deyim ki, müsbət istiqamətdə qərarlar qəbul edilib və bu qərarlar həmişə olub. Ancaq çox təəssüf ki, bu qərarların işlək mexanizmi olmayıb. İcrasına nəzarət həyata keçirilməyib. Bu gün də bu istiqamətdə müəyyən işlər gedir. Ümid edək ki, bu qərarlar işlək mexanizm şəklində olacaq”.
“Bu gün elə müəllimlər var ki, onlar 800-1000 manat əmək haqqı alır”
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də açıqlamasında bildirdi ki, Azərbaycan müəllimliyi yeni dövrün həm iqtisadi münasibətlər, həm texnoloji avadanlıqlar, həm də təhsilin məzmunu və metodlarının yeniləşməsi baxımından yeni problemlərlə qarşılaşır: “Müəllimlər bu gün çalışırılar ki, Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq Təhsil Nazirliyinin müəyyənləşdirdiyi sistem üzrə öz işlərini müasir tələblər üzərində qursunlar. Məktəblərin tikintisi, kompüter texnologiyasından istifadə məsələləri – bütün bunlar göz qabağındadır. Ancaq müəllimlərin problemi də var. Bu problemlərin bir qismi həll olunub. Məsələn, əmək haqqı məsələsindən çox vaxt gileyli danışırıq. Ancaq bu gün elə müəllimlər var ki, 800-1000 manat əmək haqqı alırlar. Ancaq bu, kütləvi deyil deyə, ayrı-ayrı insanlarla, onların nəticələri ilə bağlıdır, onların işləri ilə, imtahandan müvəffəqiyyətləri ilə bağlıdır deyə, onlara dərs saatı çox verilir. Xalq isə istəyir ki, kütləvi olaraq bütün müəllimlərin əmək haqqı yüksək olsun. Bu baxımdan da problemin həlli gözlənilir. Tədricən, müxtəlif yollarla əmək haqları artırılsın. Və əmək haqları artırıldıqca da bu genişlənir və bugünkündən müəyyən qədər yüksək alırlar”.
Ə.Ağayev digər bir problemə də toxundu: “Bu günkü yeniliklər, tədris sistemi ilə bağlı, xüsusi ilə də dərsliklərin hazırlanmasında bizim zəngin təcrübəmiz var: “Ancaq bəzi yeni ali məktəb bitirmişlər və ya təhsilin tarixini, təcrübəsini bilməyən adamlar Avropa təcrübəsindən yapışırlar. Hansı ki, onun bizdə kökü yoxdur. Ona görə də şagirdlər, validyenlər bunu qəbul edə bilmirlər. Heç müəllimlər özü də buna alışa bilmirlər. Problem odur ki, biz yaxşı olanı tətbiq edib, özümüzünküləşdirməliyik. Yəqin ki, 5-6 ilə bu problem öz həllini tapar. Digər bir problem dərsliklərlə bağlıdır. Çox təəssüf ki, bəzi dərsliklərin müəllifləri, xüsusi ilə də ibtidai sinifdə riyaziyyat dərsliklərinin müəllifinin pedoqogika elmindən xəbəri yoxdur. Heç vaxt müəllim işləməyib, texniki universitetin mühəndislik ixtisasını bitirib. Düzdür o, riyazi hesablamanı bilir, ancaq bu, məktəblilər üçün deyil. Ona görə də həmin dərsliklərdə çox çətin, anlaşılmaz mövzular öz əksini tapır. Ona görə də şagirdlər dərsləri anlamır, valideynlər də narazı qalırlar. Bu baxımdan, dərsliklərdəki problemlər həll olunmalıdır”.
“Müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq”
Azərbaycanda bir il müddətində ölkə üzrə orta məktəb müəllimlərinin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib ki, “Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzalanan sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.
“Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşmışdır. Eyni zamanda, Bakı şəhərində müəllimlərin həftəlik orta dərs yükü artırılmış və şagird-müəllim nisbətində də əsaslı irəliləyişə nail olunmuşdur. Bu göstərici 2012/2013-cü tədris ili ilə müqayisədə, 2014/2015-ci tədris ilində 10:1-dən 12:1 nisbətinə qədər yüksəlmişdir. Diaqnostik qiymətləndirmə, həmçinin hər bir müəllimin zəif və güclü tərəflərini müəyyənləşdirməyə, ixtisasartırma təlimlərinin ehtiyaclarını dəqiqləşdirməyə imkan yaratmışdır. Ünvanlı prinsiplə təşkil olunmuş təlimlərə cəlb edilmiş müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa müvəffəq olmuşdur”, deyən nazir qeyd edib ki, cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır: “Bu layihə Maliyyə Nazirliyi ilə sıx əlaqələndirilir. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır”.
Diaqnostik qiymətləndirilmədə hansı müəllimlər iştirak edəcək?
Təhsil Nazirliyi Azərbaycanın 12 rayon və şəhərində keçiriləcək müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə hansı kateqoriyadan olan müəllimlərin cəlb olunacağını açıqlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar.
Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı birinci imtahan 28-30 noyabr tarixlərində Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək. 4-7 dekabr tarixlərində Sabirabad Olimpiya İdman Kompleksində İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, 11-12 dekabr tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində Xaçmazdan olan müəllimlər üçün, 16-20 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt, Abşeron və Qubadlıdan olan müəllimlər üçün, 24-25 dekabr tarixlərində Gəncə Olimpiya İdman Kompleksində Gəncədən olan müəllimlər üçün imtahanlar təşkil olunacaq.
bizimyol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>