A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
esas imtahan

“Məqsədimiz tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsinə nail olmaqdır”- BSU-nun rektoru

Bakı Slavyan Universitetində 2017-2018-ci tədris ili üzrə yaz-yay imtahan sessiyasının ilk on günü artıq arxada qalmışdır. “Bilik yeganə meyardır” şüarı altında keçirilən imtahanlarda şəffaflığın, ədalətin, obyektivliyin təmin edilməsi üçün bütün lazımi şəraitlər yaradılıb. Gün ərzində imtahan qərargahı, dekanlıqlarda münaqişə komissiyaları fəaliyyət göstərir, nəticələrdən narazı qalan tələbələrin şikayətlərinə hər bir instansiyada operativ şəkildə baxılır. BSU-nun rektoru, professor Nurlana Əliyeva əsas məqsədin tələbələrin biliyinin obyektiv və dəqiq qiymətləndirilməsi olduğunu bildirir. O, imtahanın yüksək səviyyədə aparılması üçün universitetdə hər cür şəraitin yaradıldığını qeyd edir. Rektor auditoriyalarda kameraların quraşdırıldığını, nizam-intizama ciddi əməl edildiyini, nəticələrlə bağlı şikayətlərin dərhal araşdırıldığını və həll edildiyini vurğulayır. N.Əliyeva onu da bildirir ki, hazırlığına, biliyinə güvənən gənclərin imtahanla bağlı heç bir problemi olmur. Amma o, tələbələrin arasında semestr boyu dərslərə laqeyd yanaşan, imtahanlara hazırlaşmayan gənclərə də təsadüf olunduğunu deyir. Rektor belə gənclərin öz hazırlıqsızlıqlarını gizlətmək üçün sosial şəbəkələrə, müxtəlif instansiyalara üz tutmalarını haqsızlıq və qeyri-obyektivlik adlandırır.

Universitetdə fəaliyyət göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qərargahın saat 9-dan fəaliyyətə başladığını, bəzən axşam saat 7-yə, 8-ə qədər çalışdığını bildirir. O, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını və buraxılmış səhvlərin bir-bir izah edildiyini deyir. Ən yaxşı müəllimlərin yoxlamalara dəvət edildiyini qeyd edən qərargah rəhbəri ədalətə, obyektivliyə tam zəmanət verildiyini diqqətə çatdırır. O, bütün cavabların kodlar üzrə yoxlanıldığını, müəllimlərin iş sahiblərindən  ümumiyyətlə  xəbərsiz olduqlarını bildirir. T.Cəfərov qərargahın hamının üzünə açıq olduğunu, valideynlərin, ictimai təşkilatların nümayəndələrinin istənilən vaxt qərargahın işi ilə tanış ola biləcəklərini deyir.

imtahan 1

İmtahandan sonra görüşdüyümüz tələbələr də deyilənləri təsdiq edirlər. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 3-cü kurs tələbələri Aygül Kərimova, Aynurə Rüstəmli, Solmaz Seyidova artıq ikinci imtahanı verdiklərini bildirirlər. Onlar imtahanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradıldığını, hər kəsə öz biliyini nümayiş etdirmək imkanı verildiyini deyirlər. Heç vaxt kəsirləri olmayan tələbə qızlar bəzi yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarını şər-böhtan adlandırırlar. Onlar qeyd edirlər ki, əgər həmin  tələbələr haqlıdırlarsa, ədalət axtarırlarsa, onda niyə anonim imza ilə çıxış edirlər, öz ad-familiyalarını açıq göstərsinlər, rəhbərliyə müraciət etsinlər, Nurlana xanım heç vaxt ədalətsizliyə göz yummur. Həmin fakültənin 4-cü kurs tələbəsi Tanırverdi Anar da bu mövqedə olduğunu bildirir. O, birinci, ikinci kursda yaxşı oxumadığını, dərslərə hazırlaşmadığını etiraf edir və buna görə bir neçə kəsirinin yarandığını bildirir.  Sonradan səhvini başa düşdüyünü, əlavə və fərdi qruplarda hazırlıq keçərək imtahan verdiyini bildirən Tanırverdi Anar hər şeyin tələbənin özündən asılı olduğunu diqqətə çatdırır.

imtahan2

Filologiya və xarici dil müəllimliyi fakültəsinin birinci kurs tələbələri Fəridə Cəfərzadə, Eldar Eldarzadə, Tural Hümmətli universitet rəhbərliyindən tutmuş adi müəllimlərə qədər hamının tələbələrə qayğı göstərdiyini bildirirlər. Onlar da artıq iki imtahan veriblər, tələbələr imtahan prosesində heç kəsə təzyiq olunmadığını, hamının öz biliyini nümayiş etdirməyə imkan verildiyini təsdiqləyirlər.

imtahan3

 

Bir sözlə, ölkəmizin gələcəyi tələbələrin bilik və bacarıqlarının sınağa çəkildiyi bu günlərdən başlayır. Bugünkü obyektivlik, ədalət, şəffaflıq sabahkı Azərbaycanın  möhkəm əllərdə olması deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>