A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
DIM

“Məktəbdə aldığımız təhsillə imtahana düşən suallar üst-üstə düşmür”-Buraxılış imtahanı verən şagird

Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 36846 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

Ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının şagirdləri üçün mart ayının 11-də təşkil olunacaq. Birinci mərhələnin nəticələri hələ, bəlli olmasa da, imtahan suallarının çətinliyi və imtahanın təşkili ilə bağlı yaranan narazılıqlar artmaqda davam edir.

AzEDU.az bu narazılıqların səbəblərini aşkara çıxarmaq üçün buraxılış imtahanı verən şagird, həmin imtahanda iştirak edən şagirdin valideyni və buraxılış sinfə dərs deyən müəllimin fikirlərini öyrənib.

Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qurbanlını riyaziyyat fənni üzrə tərtib olunan suallar qane etməyib: “Məktəbdə aldığımız təhsillə imtahana düşən suallar üst-üstə düşmür. Riyaziyyat fənnindən tərtib olunan suallar çox çətin idi. Sinifdə ən yaxşı oxuyan şagird belə, cəmi 5 suala cavab yaza bilib. İmtahanın təşkil olunmasında isə hər hansı bir problemlə rastlaşmadım”.

Buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdinin valideyni İmran Hüseynli sualların səviyyəsindən narazı qaldığını bildirib: “Övladım 9-cu sinifdə təhsil alır. İmtahanın təşkilinə və keçirilməsində elə bir ciddi problem yoxdur. Problem, imtahan suallarının hazırlanmasında, ildə bir neçə dəfə dəyişən qaydalarda və şagirdlərin ümumi səviyyəsinin nəzərə alınmamasındadır. İmtahanlarda istifadə olunan sualların əksəriyyəti elmi əhəmiyyətli deyil. Daha çox məntiqi və tapmaca xarakterli suallardan, şagirdlərin biliyini qiymətləndirə biləcək yox, daha çox çaşdıracaq suallardan istifadə olunur”.

Xətai rayonu 27 nömrəli məktəbin müəllimi Sevda Firudin səslənən fikirlərə baxmayaraq, şagirdlərinin göstərdiyi nəticədən razı qalıb: “Suallar dərsliklərdəki standartlara uyğun tərtib olunub. Sadəcə olaraq, nəzarətçilər, şagirdim esse yazarkən vərəqi 10 dəqiqə əvvəl yığıblar. Bu səbəbdən də narazılığımı Dövlət İmtahan Mərkəzinə bildirmişəm”.

Qeyd edək ki, imtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>