Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə bir qrup Azərbaycan memarı fəxri adlar, medallarla təltif olunub, bəzilərinə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib. Sevindirici haldır ki, dövlət başçısı tərəfindən mükafatlandırılan memarlar arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri də var. Memarlıq fakültəsinin müəllimi Xəlil Cəfərova Əməkdar memar fəxri adı verilib, Raihə Əmənzadə isə “Tərəqqi” medalı ilə təltif olunub. Bundan başqa, prezident İlham Əliyev Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrinin bərpası kafedrasının müəllimi, professor, Əməkdar memar Tofiq Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamı imzalayıb.
Ömrünün 50 ildən çoxunu ali məktəb auditoriyalarında tələbələr qarşısında keçirən Tofiq müəllim bir müddət Memarlıq fakültəsində dekan, AzMİU-nun Memarlıq layihələndirməsi, daha sonra Memarlıq konstruksiyaları və abidələrinin bərpası kafedrasında müəllim işləyib. Yüzlərlə tikilinin layihə müəllifi olub, memarlıq abidələrimizin bərpası istiqamətində əhəmiyyətli işlər görüb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və kafedranın müəllimi Səbinə Hacıyeva ilə birlikdə Şəkinin Kiş, Qəbələnin Nic kəndində məbədlərin bərpası prosesində yaxından iştirak edib. Qaxdakı Qum məbədinin konservasiyası işləri onun peşəkar memarlığından xəbər verir. O, 35 elmi əsər müəllifi və 3 kitabın həmmüəllifidir.