A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1508430043_elnur3

“Kadrları dünya standartlarına uyğun hazırlamalıyıq” – ADA Universitetinin dekanı

Elnur Soltanov: “Sözəbaxan yox, doğru düşünən gənclik yetişdirməliyik”

Siyasi elmlər sahəsindədir, amma siyasətdən çox, sosioloji proseslər diqqətini çəkir. Deyir ki, siyasət sosial proseslərin tərkib hissəsidir. Məsələn, biz niyə uşaqlarımızı rusdilli məktəblərə göndəririk? Yollarımızı niyə kirlətməyə davam edirik? Niyə özümüzə arxa çevirməyi bacarırıq? Niyə bir-birini tanımayan iki azərbaycanlı söhbətin təqribən ilk iki dəqiqəsində qarşısındakının hansı rayondan olduğunu soruşur? Sosioloji mənada Azərbaycanın dəhşətli dərəcədə maraqlı bir məkan olduğunu bildirir. Qeyd edir ki, siyasət onu Azərbaycan sosioloji mühitinin bir parçası olaraq maraqlandırır. Müsahibimizsiyasi elmlər doktoru,  ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin dekanı Elnur Soltanovdur.
 
– Bu gün bir çox adamların “Mən siyasətə qarışmıram” yanaşması var. Amma siz siyasət sahəsindəsiniz. Siyasət kənardan bir az fərqli və qəliz görünür. Bəs əslində siyasət necə bir aləmdir?
– Mən siyasət yox, siyasi elmlərlə məşğul oluram. Azərbaycandakı siyasətin içində deyiləm. Çünki siyasət əslində nəticə etibarilə bir cəmiyyətin bütünü üçün bağlayıcı olan qərarların verilməsində rol almaq cəhdidir. Bunun da nəticəsi adətən dövlət dediyimiz fenomendir. Dövlət bir cəmiyyətin iradəsini özündə toplayan institutdur və bu iradəni təməl alaraq, cəmiyyət üçün bağlayıcı qərarlar verər və onları tətbiq edər. O prosesin içində olanlara siyasətçi deyirlər. Mən siyasəti öyrənməyə çalışanlardanam. Amma bir gün Azərbaycana ictimai cəhətdən xidmət edən insanlardan birinə çevrilməyi çox istəyərdim. Siyasətə qarışmağa hazır deyiləm və bunu düşünmürəm də. Amma Azərbaycan cəmiyyətinin, dövlətinin təhlükəsizliyi, rifahı üçün bu debatın, qərarvermə prosesinin içində intellektual mənada yer ala bilmək mənə xüsusi zövq verər. Nə vaxtsa, cəmiyyətimizdə ziyalı adına layiq görülmək mənim üçün böyük xoşbəxtlik olar. Çünki intellektual sahədə, fikirlər aləmində özümü daha rahat hiss edirəm. Siyasətçi bir az daha fərqli kateqoriyadır. Onlar fikir ifadə etməkdən ziyadə, qərar qəbul etmək və onun tətbiqi ilə məşğul olarlar – bunun uğrunda da bəzi şeyləri qurban verməyə məcbur ola bilərlər. Mənim üçün isə bir şeyi düşünmək, səbəb-nəticə əlaqələrini başa düşmək və onu paylaşmaq – müəllim olmaq duyğusu daha ağır gəlir. Doğrusu, sinif otağında aldığım zövqü heç yerdə almıram.
– Politologiya oxumaq istəyən gənclər çox olsa da, təhsili bitirəndən sonra bu istiqamətdə davam edə bilənlər az olur. Bizdə el arasında “siyasətcil insan” yanaşması da var. Davam edə bilməyənlər siyasətcil deyillərmi?
– Dünya təcrübəsinə fikir versək, görərik ki, ən güclü siyasətçilər siyasi elmləri oxuyanlar deyillər. Siyasi elmləri oxumaq daha çox bu işin nəzəri tərəfi ilə məşğul olmaq deməkdir. Tətbiq isə daha fərqli qabiliyyətlər tələb edə bilər. Və mən doğrusu, çox siyasətcil adam olduğumu zənn etmirəm. Çünki siyasət həqiqət yox, nəticə əldə etmək üzərində qurular. Bu nəticə bəzən nəyin bahasına olursa-olsun əldə edilir. Beynəlxalq aləmdə millətin marağını qorumaq, rifahını təmin etmək üçün müəyyən hüquqi normalarını da pozmağa hazır olmalısınız. Daxili siyasətdə də bunun müxtəlif aspektlərini görmək mümkündür. Buna Makiavelliçilik deyilir. Siyasətçi bir sövdələşmə insanıdır. Son təhlildə, əsas məsələ xidmətdirsə, cəmiyyətə töhfə verməkdirsə, siyasi bir fiqur olmaqdansa, ictimai fiqur olaraq cəmiyyətə daha çox şey vermək mümkündür. Üzeyir bəy heç vaxt siyasətçi olmayıb, amma modern Azərbaycanı onsuz düşünmək yəqin ki mümkün deyil.
– Bəs insanlarla ünsiyyətdə siyasi bacarıqların rolu nə dərəcədədir?
– Rolu əlbəttə ki, var. Amma nəticə etibarilə siyasətin nəyə xidmət etməsi çox önəmlidir. Siyasi elmlərdə özəl və ictimai əmtəə deyilən ikili anlayış var. Özəl əmtəə eksklüziv olaraq mənə aid olan bir şeydir. Onun bədəlini insan fərdi olaraq ödəyir. Məsələn, pul verib telefon alıramsa, bu, özəl əmtəəmdir. Bədəlini ödəmədən yararlana biləcəyimiz şeylərə isə ictimai əmtəə deyilir. Məsələn, mən Qarabağda, sərhəddə ölkəni qorumasam da qoruyanlar var, və bu təhlükəsizlikdən yararlanıram. Parkda ağac əksəm də, əkməsəm də ondan istifadə edə bilirəm. Bəzi cəmiyyətlərdə ictimai əmtəə özəl əmtəəni üstələyir. Məsələn, parklar daha çoxdur, yollar daha təmizdir, təhlükəsizlik daha yüksəkdir. Bəzi başqa cəmiyyətlərdə isə tam tərsi, özəl əmtəə ictimai əmtəəni üstələyir. İnkişaf etmişlər birincilərdir, geridə qalanlar ikincilər. Bütün ölkələrdə, təriqətlərdə, ailələrdə, ümumiyyətlə iki insanın bir araya gəldiyi hər yerdə siyasət var. Amma çox az yerdə siyasət ictimai marağa xidmət edir və ictimai dəyər-əmtəə yaradır. Siyasətin əxlaq ölçüsü də burdadır. İctimai dəyər yaratmayan heç bir şey əxlaq imtahanından keçə bilməz.
– Bir dəfə bir şəxs siyasətçi ilə söhbətdən sonra dedi ki, adamla elə danışır ki, heç nəyi gizli saxlamaq olmur, istər-istəməz hər şeyi doğru danışdım. Bu necə bir bacarıqdır siyasətçilərdə?
– O bacarığı olmayanlar onsuz da zamanla sistemdən ələnirlər və orada bacarıqlılar qalır. Burada, əlbəttə ki, həm gen, həm də mühit əhəmiyyətlidir. Bəzi insanlar da genetik olaraq daha çəkicidirlər, daha güclü xarizmaya sahibdirlər. Ulu öndər Heydər Əliyevi götürək. Ən üstün xüsusiyyətlərindən biri o idi ki, insanlar onun yanında özlərini güvəndə hiss edirdilər – zəhmi, aurası var idi. Təbiətin töhfəsi burda çox önəmlidir. İkincisi, doğru təlim olmalıdır. Nəticəni bu iki şeyin qarşılıqlı münasibəti yaradır. Buna instrumental zəka deyirlər. Bu, hər hansı işi həyata keçirərkən uğur qazanmaq qabiliyyətidir. Öz məqsədinə çatmaq istəyən adam ona çatırsa, deməli, onun instrumental zəkası güclüdür. İnstrumental zəkada mənəvi cəhətdən təqdirəlayiq heç nə yoxdur. Qabiliyyətli terrorçu, qanqster və s. misallarında olduğu kimi. Məsələ qabiliyyətin nəyə xidmət etməsindədir. Bu bacarıq və qabiliyyətlər cəmiyyətin qurtuluşuna xərclənməlidir.
– Doğru təlim deyəndə konkret nəyi nəzərdə tutursunuz?
– Azərbaycanda çox ağıllı, zəkalı insanlar var. Amma bizdə doğru təlim-təhsil almış insanların sayı çox olmayıb. Bütün sahələrdə çalışanlarda doğru təlim çox əhəmiyyətlidir. Doğru təlimin ölçüsü isə doğru metodla düşünmək bacarığıdır. ADA-da bunu etməyə çalışırıq. Burda təhsil alanlar digər universitetlərdə oxuyanlardan zəkaları ilə çox da fərqlənmirlər. Amma doğru düşünmək deyə bir şey var. Doğru düşünmək həqiqətə gedən yola çıxa bilmək qabiliyyətidir. Bu isə daim sual vermək və cavabları yenidən sorğulamaqla mümkündür. Doğru düşünmək metodoloji bir hadisədir. Bizim cəmiyyətdə bu proses tamamlanmayıb. Bəyənsək də, bəyənməsək də Azərbaycan cəmiyyəti öz-özünü qamçılamağı bacarmalıdır. Bu gün biz potensialımızın hamısını reallaşdırmamışıqsa, rahatlanmamalıyıq, özümüzü qamçılamaqdan qorxmamalıyıq.
– İnsanlar haqqında onu tanıyanlardan soruşanda müxtəlif cavab verirlər. Tələbələr sizin haqqınızda “Həddindən artıq anlayış göstərən adamdır” dedilər… Tələbələrlə davranışda nəyi əsas götürürsünüz?
– Pafoslu danışmaqdan qorxuram, amma mənim üçün yeni doğulan hər insan cəmiyyətə verilən bir şansdır. Ölümün də, əgər varsa, gözəlliyi bundadır. Ölüm köhnəliyə vida edib, yeniliyə yol açmaqdır həm də. Çünki gənc insandan hər şey düzəldə bilərsiniz, bu, sizə verilmiş potensialdır. Ondan qara qüvvələr üçün də istifadə edə bilərsiniz, parlaq məqsədlər üçün də. Məni ADA-ya qəbul olan gənclər çox həyəcanlandırır. Təmiz qəlbləri, öyrənməyə açıq parlaq beyinləri ilə, sanki, “buyurun potensialımızı dəyərə çevirin” deyə meydan oxuyurlar. Doğru mütəxəssislər yetişdirməsək, şansımız yoxdur. Dünyada rəqabət çox güclüdür, heç kimin gözünün yaşına baxmazlar. Sizin mütəxəssisiniz dünya bazarında öz sahəsinin mütəxəssisləri ilə rəqabət apara bilmirsə, kasıblığa və köləliyə düçar olacaqsınız.
Mən azərbaycanlıyam və bununla qürur duyuram. Ancaq gəlin qəbul edək ki, Azərbaycanın bu günə qədər qəbul etdiyi insanları yetişdirmə metodu doğru olsaydı, daha çox fərqli şeylər olardı. Məsələn, Qarabağı itirməzdik. Qarabağ sadəcə torpaq itkisi deyil, biz cəmiyyətdə nəyisə səhv edirik və Qarabağ yarası o səhvlərimizin simvolizə edilmiş şəklidir. O mənada nələrisə dəyişdirməliyik. Məmnuniyyətsizlik varsa və nəticələrdə də bunu görürüksə, deməli, insan yetişdirməkdə problem yaşayırıq. Mənim üçün tələbələr o fürsətdir. Tələbələr bütün başqa insanlar kimi rahatlıq axtararlar. Onlara deyirəm ki, sizə hər hansı bir mövzuda yaşıl işıq yandırırıqsa, bu, xoşunuza gələk deyə edilmir, xeyrinizə olduğu üçün edilir. Eyni şəkildə, qırmızı işıq yandırılanda, özümüz üçün rahatlıq yaradacaq deyə etmirik bunu, ziyanınıza olduğu üçün edirik. Ölçü tələbənin yüksəlməsidir. Tələbələr bəzən gəlib imtahanın vaxtını dəyişmək istəyirlər, heç bir şəkildə razı olmuram. Çünki siz bir Amerika universitetində bunu görməzsiniz. Biz onları elə böyütsək, rəqabətə hazır olmayacaqlar, bu günaha girə bilmərəm. Ancaq, tutaq ki, gəlib deyirlər ki, filan müəllim qaydanı əvvəl başqa cür qoymuşdu, sonra xəbər vermədən bizim əleyhimizə dəyişdi. Beli, burda tələbə haqlıdır və onların dediyi olacaq. Tələbənin insan, döyüşçü, mübariz olaraq yetişməsində doğru reseptə “hə” deyirik. Bu cəmiyyətə mübarizlər lazımdır. “Ata sevgisi” demək bir az böyük səslənə bilər. Yenə də, bu analogiyadan istifadə etsək, ata bəzən öz övladına hər istədiyini verməz, bəzən “yox” deyib ağladar da. Amma nəticədə onun üçün yaxşı olanı düşünür. ADA-da da bu niyyətimiz var və onu həyata keçirmək üçün doğru təlim görmüş insanları bu işə cəlb edə bilmişik.
 
– Son 10 ili götürsək, tələbələrin dərsə yanaşmasında dəyişiklik varmı?
– Uzun müddət Türkiyədə, Amerikada da təhsil sferasında olmuşam. Bu qədər həvəsli tələbələri nə Türkiyədə, nə də Amerikada görmüşəm. Tələbələr yeni fikirlərə acdırlar, deyilənlərin fərqli və yeni olduğunu dərk edirlər və dəyər verirlər. Bu, inanılmaz dərəcədə ümidverici bir hadisədir.
– Sizcə, zamanla bu necə formalaşdı? Nə dəyişib?
– Doğrusu, bilmirəm. Məncə, gənclərimiz mövzusunda çox şanslıyıq. İkincisi, ADA-da doğru seçimlər edilib, tədrisə doğru adamlar cəlb edilib. Doğru təlim almış insanlar var. Min il əvvəl bizdəki astronomlar Fransadakılardan daha güclü idi, təbiblərimiz İngiltərədəkilərdən daha yaxşıydı. Amma bu gün belə deyil. Bu gün hansısa sahəni inkişaf etdirməliyiksə, o sadədə irəlidə olanların təcrübəsindən yararlanmaq lazımdır. Həmin ölkələrdən düşüncə idxal etməkdən çəkinməməliyik. ADA bu yolda uğurlu addımlar atır.
– Maraqlıdır, bir gəncin fərd olaraq cəmiyyət üçün yararlı şəxs kimi universitetdə yetişdirilməsində müəllimin rolu neçə faizdir?
– 99 faiz deyə bilərik. Mən dekan olsam da, akademik həyatdan uzaq qalmaq istəmirəm, buna görə dərs də deyirəm. Əgər tələbə məni dinləmirsə, deməli, nəyisə səhv edirəm. Çünki bütün güc – administrativ və intellektual mənada – müəllimin əlindədir. Tələbəni günahlandırmağa başladığınız anda itiririk. Xalqı günahlandırmağa başladığınız anda da xalqı itirirsiniz. Güc, bilik sahibi olan sizsiniz və onun marağını üzərinizdə saxlamalısınız. Bizdə tələbənin universitetdə artıq davranış sərgilədiyini görməzsiniz. Bunu klassik mənada demirəm. Müəllim görəndə hamı farağat vəziyyətində durmur. ADA-da azad, amma bunun dəyərini bilən, azadlığını idarə etməyi bacaran, qırmızı xəttin haradan keçdiyini başa düşən yetişkin bir cəmiyyət formalaşdırmağa çalışırıq.
– Ali təhsilinizin bir qismini xarici universitetlərdə almısınız, müəllim kimi xarici universitetlərdə fəaliyyətiniz olub. Adətən, xarici ölkələrə gedənlər orda qalmağa üstünlük verirlər. Sizin çalışmaq üçün öz ölkənizi seçməyinizə səbəb nə oldu?
– Böyük danışmaq istəmirəm. Amma insanlarda ölkəmizdən, azərbaycançılıqdan, dilimizdən uzaqlaşmaq, Azərbaycana arxa çevirmək duyğusunu təqdir etmirəm. Biz niyə Azərbaycana arxamızı çeviririk? Çünki sevimsiz aspektləri var. Bəs bunlar niyə var? Çünki ölkəmizi sevmirik. Gözəllik böyük ölçüdə sevgidən yaranır. Çünki sevgi əmək vermək, xidmət etməkdir. Hamı Amerikaya gedərkən, ordakı işindən istefa verib gələn bir azərbaycanlı olduğum üçün çox xoşbəxtəm. 1992-ci ildə Türkiyəyə oxumağa getdim, çünki digər Azərbaycanlılar Qarabağa gedib düşmənin qarşısını kəsdi, mənə fürsət yaratdı. Bu, mənim üçün borc yaradır. O borcun da qarşılığını verməliyəm. Həyatın başqa nə mənası var axı? Hazır Amerika-Avropa sistemində yaşamaq çox asandır. Qurublar, bütün struktur yerindədir, get, orda vətəndaş ol, yaşa. Amma öz insanın burdadırsa və onun qurtuluşu üçün bir şey edə bilərsənsə, meydan buradır. “Mən məhz belə etdim” demirəm. Ancaq bütün hallarda birinci borcum ən azından cəmiyyətin mənə verdiklərini geri qaytarmaqdır. Əxlaqın ölçüsü cəmiyyətə xidmət etməkdir. Siyasi elmlər də bu cəhətdən bəzi fikirlər deyir. Qurtuluş ictimaidir – fərdi qurtuluş deyə bir şey yoxdur. Fərdi qurtuluş qısa müddətlikdir. Fərd qurtulur və cəmiyyət itirirsə, uzun dönəmdə fərd də itirəcək, uduzacaq. Yaponlar cəmiyyət olaraq xilas oldular. Almanlar cəmiyyət olaraq, bir-birini ucaldıb xilas oldular. Bu işin başqa yolu yoxdur.
– Bu gün xaricdə təhsilə meyl edənlər çoxdur, bir tərəfdən baxanda haqıdırlar, üstünlükləri var. Amma digər ölkələrdə də təhsili keyfiyyətsiz, nüfuzu olmayan universitetlər az deyil. Bizdə “xaricdə təhsil alıram” yanaşması ilə o universitetlərə gedənlər də az deyil. Xaricdə təhsil məsələsinə yanaşma necə olmalıdır?
– Xaricdə möhtəkirliklə məşğul olan universitetlərin sayı çoxalır. Bir çox universitetlərdən məzun olub gəlmiş insanları test edirik, və işə götürməkdə çətinlik çəkdiyimiz hallar olur. Sosiologiya oxumusunuzsa, sosiologiyada üç əsas məktəbin nə olduğunu bilməlisiniz. Beynəlxalq münasibətlərdə təhsil alan adam beynəlxalq münasibətlərdə realizm nəzəriyyəsinin banilərinin kim olduğunu bilməlidir. Bilmirsə, deməli, doğru təhsil almayıb. Bu gün xaricdə təhsil alan tələbələrin bəlkə də yarısı doğru yerdə təhsil almırlar. Xaricdə təhsil istəyənlər doğru yerlərdən və doğru insanlardan məsləhət alsınlar. Biz xalqa açıq universitetik, hər zaman bu mövzuda tövsiyələrimizi verməyə hazırıq.
– Xaricdə işləmək istəyən gənclərimiz də kifayət qədərdir. Sizcə, kimlərə tələbat olur? Ümumiyyətlə, bu cəhətdən gənclərin imkanlarının olması üçün universitetlərin üzərinə hansı yük düşür?
– ADA-da verdiyimiz təhsil yalnız ölkəmizdə iş tapmağa hesablanmır. Məzunlarımızın dünyanın hər hansı bir yerində işləməyi bacarmaları doğrultusunda bir sistem qurmağa çalışırıq. Kadrları dünya standartlarına uyğun hazırlamalıyıq. Əks halda səhv yatırım etmiş olarıq. Digər ölkələrdə iş axtarma məsələsinə mənfi baxmıram. “Beyin köçü” varsa, deməli, cəmiyyət bu insanlara daha yaxşı təkliflər etməlidir. İnzibati metodlarla vətəndaşı ölkəyə bağlamaq olmaz.
– Gənclərin məsləhətə qulaq asmadığını deyirlər…
– Gənclər potensial qüvvədirlər. Su analogiyası ilə desək, onları bir yerə yığıb elektrik enerjisi ala bilərsiniz, amma doğru yönləndirməsəniz selə çevrilib hər yeri dağıdarlar. Gənclik özlüyündə yaxşı bir şey deyil, potensial olaraq yaxşıdır. Nəticə isə potensialı necə istifadə etməkdən asılıdır. Bəzi bölgələrdə gənclərimiz narkomaniyaya meyl edirsə, qız uşaqları 13-14 yaşından sonra məktəbə buraxılmırsa, bu, gəncliyin gələcək üçün saatlı bombaya çevrilməsidir. Amma bütün hallarda məsuliyyət böyüklərdədir.
Onu da qeyd edim ki, arxaik Azərbaycan fikirlərini də çox ciddiyə almamaq lazımdır. Məsələn, “Sözə baxan olsan yaxşı olarsan”. Min ildir ki, sözə baxanıq, doğrudandamı yaxşı olur? Mənə elə gəlir ki, biz ictimai institutlarımızda bir çox şeyi gözdən keçirməliyik. Bəzən qurtuluş sözə baxmamaqdadır. Sözə baxan yox, doğru düşünən gənclik yetişdirməliyik.
– Necə düşünürsünüz, kadr potensialımızdan istifadə edirikmi?
– Potensial var və istiqamət doğrudur. Amma yetərsizdir. Biz çox balaca cəmiyyətik. 10 milyonluq cəmiyyətlə dünya iqtisadiyyatında, siyasətində rəqabət aparmaq çox çətindir. Çində, Hindistanda 1,4 milyard, Amerikada 300 milyondan çox insan var. Onların insan qaynaqlarını bir araya toplaması ilə 10 milyonluq millətin kadrlarını bir araya gətirməsi eyni şey deyil. Ona görə biz ölkəmizdə var olan insan potensialını son damlasına qədər istifadə etməyi bacarmalıyıq. Bizdə ən çox istifadə edilməyən qadın potensialıdır. Cəmiyyətin 50 faizi qadınlardır və biz bu böyük hissəyə arxa çevirməməliyik. Söhbət sadəcə, qadın haqlarından getmir. Tutaq ki, kimsə qadın haqlarına hörmət etmir, günahı və cəhaləti öz boynuna. Amma bu insanlar belə başa düşməlidir ki, ucalmaq, yüksəlmək, inkişaf etmək istəyiriksə, bu, qadınları ictimai, siyasi, iqtisadi fəaliyyətə cəlb etmədən mümkün olmayacaq. Yeganə qaynaq insan qaynağıdır. Yeganə dəyər insan dəyəridir. İnsanınız doğru təlim alıbsa, doğru əxlaqi dəyərlərə sahibdirsə, o ölkəni, cəmiyyəti inkişafdan saxlamaq mümkün deyil. Neftiniz, qazınız olmasa da olar. İstifadə edilməmiş hər bir insan potensialı cəmiyyət üçün faciədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>