A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1506684663_sinif-pozitif-disiplin

Sumqayıt məktəblərində şagird sıxlığı: 45 şagird, 45 dəqiqə və “robot” müəllimlər – ARAŞDIRMA

Bir sinifdə 45 şagird

Təhsil sahəsində bir sıra problem qalmaqdadır. Burada elə problemlər var ki, ilk baxışdan bir o qədər nəzərə çarpmasa da, təhsilin keyfiyyətinə birbaşa təsir göstiərir. Məsələn, orta məktəblərdə olan şagird sıxlığı kimi.
Sumqayıtın orta təhsil müəssisələri üçün xarakterik olan bu məsələ illərdir həllini tapmır. Hazırda Sumqayıt şəhərinin bir qisim məktəbində şagird sıxlığı yaranıb. Vəziyyət o yerə çatıb ki, bir sinifdə şagirdlərin sayı 35-40, bəzi hallarda isə daha çox olur. Belə ki, valideynlər bir sinifdə uşaq çox olduqda təhsilin keyfiyyətinin aşağı düşdüyünü, müəllim tərəfindən hər uşağa ayrılan diqqətin azaldığını iddia edirlər.
Araşdırmamıza görə Sumqayıtda elə məktəblər var ki, orada ibtidai sinifdə şagirdlərin sayı hətta 45 nəfərə çatır.
“Robot” müəllimlər
Belə bir halda müəllim bir dərs ərzində neçə uşağı dinləyib sonra da yeni dərsi izah edə bilər?! Bütün şagirdlərə vaxt ayırmaq, görüləsi işləri çatdırmaq müəllimdən əlavə bir bacarıq tələb edir. Nəzərə almaq lazımdır ki, nə müəllim, nə də şagird robot deyil. Birincilərlə qısa müddətdə daha yaxşı formada məşğul olmaq, onları öyrətmək də mümkün deyil. Bütün bunları nəzərə alaraq, 35-40 şagird olan sinifdə keyfiyyətli dərs gözləmək də məntiqli deyil. Bunun fonunda onlardan bilik tələb etmək absurd məsələdir.
Orta sıxlıq 30 nəfərdir
2017-2018-ci tədris ilində Sumqayıtda 5877 nəfəri şagird I sinfə gedib. Şagirdlər 202 sinifdə komplektləşdirilib. Şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə 53 nəfər az, siniflərin sayı isə 3 sinif çoxdur. Orta hesabla bir sinifə 30 nəfərə yaxın şagird düşür. Ötən il də eyni hal yaşanıb.
Qanunvericilik: bir sinifdə 20 şagird və 36-42 m2
Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayının 20 nəfərdən az olmasıyla təşkil oluna bilər.

Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edilməsi haqqında” 19 yanvar 2012-ci il tarixli qərarında da qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir.

Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 saylı qərarı) görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda, yaxud şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.

Digər bir qərara nəzər salaq. “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında 03.08.2012-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 nömrəli qərarının 2.3.1 saylı bəndində isə qeyd olunur ki, Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 m2 olmaqla təşkil edilir. Həmin qərarın 2.3.12 saylı bəndində isə bildirilir ki, dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 m2 sahə ilə hesablanır.

Şagird sıxlığı fəsadlara yol açır
Üstəlik orta məktəblərdə təlim-tərbiyə alan uşaqların vaxtaşırı sağlamlığında problemlərin yaranması, qrip və kəskin respirator viruslara yoluxması valideynləri ən çox narahat edən məqamdır.
Həkim Natiq Əsgərov deyir ki, bu gün məktəblərdəki siniflərdə yaranmış sıxlıq uşaqların səhhəti üçün təhlükədir. Onun sözlərinə görə, sinif otaqlarını hər tənəffüsdə havasının dəyişdirilməsi də şərtdir: “Sinif otağında şagirdlərin sayı ilə onlara düşən sahə tərs mütənasib olduqda, sinifdə karbon qazının miqdarı artır. Bundan əlavə hər uşağın mikroflorası var. Nəfəs aldıqda ətrafa mikroflora yayılır. Bununla yanaşı, hər insanın dərisindən üzvü maddələr ayrılır. Həmin dəri qopmaları havaya keçir. Bütün bunlar karbon qazının artmasına gətirib çıxardır. Karbon qazının artması isə, uşaqın beyninin yorulmasına, beyninin qidalanmasına mənfi təsir göstərir. Üzvü madddələr, mikoflora sinif otağında havanı çirkləndirir. Bu isə hava-damcı yolu ilə virusların yayılmasına gətirib çıxardır”.

Həkimin sözlərinə görə, məktəblərdə sıxlığın qeyri-bərabər olması tədrisin keyfiyyəti ilə də bağlıdır: “Elə məktəblər var ki, yanaşı olsalar da, birində şagird sıxlığı çoxdur, digərində hər sinifdə 20 şagird yoxdur. Bu məktəblərdə tədrisin keyfiyyəti ilə bağlıdır. Ancaq çox təəssüf ki, valideynlər çox vaxt təhsili əsas götürürlər. Uşaqların sağlamlığını isə heç düşünmürlər. Başa düşməlidirlər ki, uşağın sağlamlığı birincidir, şagird sağlam olmalıdır ki, təhsil ala bilsin. Çox təəssüf ki, bu gün valideynlər öz yaxınlarında şagird sıxlığı az olan məktəbi qoyub, uşağını bir sinifdə 40-45 şagird olan məktəbə qoyurlar. Bunun isə uşağın sağlamlığına göstərəcək mənfi təsirini düşünmürlər”.

Təhsil şöbəsində nə deyirlər?

Təhsil şöbəsindən Xeberle.com-un sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində 1, 11, 14, 23 və 35 nömrəli məktəblər şagird sayının ən çox olduğu məktəblərdir. Ən az şagird sayına malik olan məktəblər isə 8, 37, 40, 41 və 42 nömrəli tam orta məktəblərdir. Adıçəkilən məktəblərdə şagird sayının az və ya çox olması obyektiv səbəblərlə, yəni yerləşdikləri ərazi, həmin ərazidə əhali sıxlığı və məktəbin layihə üzrə şagird tutumunun sayı ilə əlaqədardır.
Qanunvericiliyə görə ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Həmçinin eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilə bilər. Lakin şəhər üzrə bir neçə sinifdə şagird sayı 40-a çatsa da, həmin məktəblərdə müxtəlif səbəblərdən paralel siniflərin yaradılması mümkün olmayıb. Əsasən təlim rus dilində olan bir neçə ibtidai sinifdə belə bir vəziyyət yaranıb.
Həmin siniflərdə paralel siniflərin təşkili üçün müəllim vəzifəsi vakanta çıxarılıb, lakin Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya tutulmadığından bu siniflər bölünə bilməyib.
Ümidvarıq ki, bu problem yaxın zamanlarda öz həllini tapmış olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>