A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
20170616_114129

AMEA-nın 25 yaşlı elmi işçisi: “Gənclərin elmə marağının az olması AMEA-da yaşlı təbəqənin pik həddə olması ilə nəticələnib” – MÜSAHİBƏ

AZEDUPRESS gənclərlə söhbətini davam etdirir.0 Bu dəfəki müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının gənc elmi işçisi Elvin Soltanovdur.

Elvin müəllim ilk öncə özünüz haqda qısa danışın.. Tələbələr sizi tanısın..

  • Elvin Soltanov, 1992-сi ildə bilik günündə Saatlı rayonunda anadan olmuşam. Bakalavr dərəcəmi BDU-da, magistr dərərəcəmi isə ADPU-da fərqlənmə ilə almışam. Hal-hazırda AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun xəritəçəkmə və coğrafi informasiya şöbəsinin əməkdaşıyam.

IMG-20170817-WA0001

Müəllim olmağınıza əsas qığılcım və səbəb nə oldu? Tələbəlik illərinizdən qısa danışın

  • Orta məktəbdə oxuyarkən tarix müəllimimzlə M.K.Atatürk haqqında danışarkən, müəllimim Atatürkdən belə bir sitat gətirdi: “Müəllim elə bir varlıqdır ki, o, kütləni millətə çevirir”. Bu sitat mənim gələcək həyatımın əsas dönüş nöqtəsi oldu. Beləliklə mən özümü elmə həsr etməyə qərar verdim. Hamıda olduğu kimi mənim də tələbəlik illərim həyatımın unudulmaz hissəsidir. Sevdiyin sahədə təhsil almaq bu tələbəlik illərini daha da unudulmaz edir. Yadımdadır bir dəfə BDU-da oxuduğum zaman Çingiz müəllim belə bir söz demişdir: “ Coğrafiya elə bir elmdir ki, onu oxuyanlar dünyanı dərk etməyə digərlərindən 1-0 öndə başlayırlar”

Cəmiyyətdə müəllimin nüfuzu əvvəlki illərdəki kimi deyil. Bunun əsas səbəbi nədir fikrinizcə?

  • Bunun sizə iki əsas səbəbini deyim. Birinicisi odur ki, insanların müraciət formasında bəzi qüsurlar var. Məsələn, hər qalstuk geyinmiş şəxsə vəzifəsindən, peşəsindən asılı olmayaraq müəllim deyə müraciət olunması müəllim adını nüfuzdan salır. İkincisi isə odur ki, müəllimlərin maddi vəziyyəti ürəkaçan deyil. Nəticədə, müəllimlər ya sahələrini tamamilə tərk edir ya da gəlir əldə etmək üçün 2-ci və ya 3-cü bir digər işlə məşğul olurlar. Ya da bəziləri daha asan yola əl atıb qəbul olunmaz addım atırlar yəni rüşvət alırlar. Düşünürəm ki, bu müəllim nüfuzuna mənfi təsir edən ən böyük səbəbdir.

IMG_20161228_155102_906
Çalışdığınız AMEA haqda son günlər heç də xoşagəlməz söhbətlər dolaşır. Sizin bir əməkdaş olaraq AMEAnı yaxşı və ya pis cəhətləri hansıdır?

  • Azərbaycan Milli Elmlər Akademiyası yarandığı 1945-ci ildən bu günə qədər Azərbaycan elminə böyük töhvələr vermişdir. AMEA yaradılarkən onun ilk elmi tədqiqat institutlarından biri də məhz çalışdığım Coğrafiya institutu olmuşdur. Fəaliyyətə başladığı gündən Azərbaycanın fiziki və iqtisadi coğrafiyasının öyrənilməsində institutun əməkdaşları böyük rol oynamışlar. Belə uğurlar yalnız Coğrafiya istiqamətini deyil , elmin digər sahələrini də əhatə etmişdir. Təsadüf deyil ki, məhşur kimyaçı alim akademik Yusif Məmmədəliyevi dünya kimyaçıları alkilləşmənin kralı adlandırıllar. Həmçinin AMEA-nın Azərbaycan elmi üçün yüksək ixtisaslı kadrların da hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Keçən il bizim əməkdaşlar Azərbaycan Respublikasının üç cildlik Coğrafiya kitabını hazırlamışdır. Həmin kitabın ərsəyə gəlməsində əməyi olan dörd nəfər əməkdaşımız Azərbaycan Respublikası Prezidenti tərəfindən dövlət mükafatına layiq görülmüşdür. Həmçinin Azərbaycan Respublikasının ekokimyəvi və tibbi ekogeokimyəvi landşaft xəritələri tərtib olunmuşdur. Mənfi cəhətlərinə gəldikdə isə AMEA bu gün nə iqtisadiyyat nə də istehsalatla uzlaşa bilmir. Əfsuslar olsun ki, bu gün Azərbaycan Ümumi Daxili Məhsulunun formalaşmasında AMEA-nın rolu çox azdır. Hər il elmin inkişafına milyonlarla manat vəsait ayrılsa da düşünürəm ki, bu vəsaitlər səmərəli şəkildə istifadə olunmur.

Bilirik ki AMEA əməkdaşlarının mütləq əksəriyyəti yaşlı nəslin nümayəndələri təşkil edir. Ümumiyyətlə cəmiyyətdə gənclərə yer verilməsi az hallarda müşahidə olunur. Buna münasibətiniz?

  • Bu məsələni çox doğru qeyd edirsiniz. Bəli, bu gün AMEA əməkdaşlarının mütləq əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Bu gün AMEA əməkdaşlarının orta yaş həddi 50 yaşdan yüksəkdir. Bunun da başlıca səbəbi odur ki, müasir dövrdə gənclərin elmə marağının azalmışdır. Təbii ki, bu problemin mövcudluğunun əsas səbəbi də gənclərin sosial durumunun ürək açan olmamasıdır. Hal-hazırda AMEA-da məvaciblər dünya standartlarından olduqca aşağıdır. Gənc alim və mütəxəssislərin mənzil təminatı ilə bağlı problemlər və AMEA-nın bu məsələdə heç bir qətiyyətli addım atmaması gənclərin elm sahəsində mütəxəssis kimi çalışmasını əngəlləyir. Hətta, AMEA-nın məvacibləri ev kirayə haqqını belə ödəməyə kifayət etmir. Həmçinin AMEA-da gənclərin az olmasının səbəblərindən biri də bürokratik əngəllərin mövcudluğu, təqdim edilən dissertasiya işlərinin vaxtlı-vaxtında müdafiəyə buraxılmaması həmçinin AMEA-nın dissertantura və doktorantura yerlərinə qəbul olmaq üçün qoyulan yüksək tələblər yaşlı nəslin nümayəndələrinin dissertasiya işlərində haqlı-haqsız nöqsanlar axtarmaları və s. bu kimi əngəllərdir.

Müasir dövrdə pedaqoji fəaliyyət repetitorsuz təsəvvür olunmur. Tələbələrinizin kəmiyyət və kefiyyət nisbəti necədir?

  • Repetitor sözünün mənası şəxsi müəllim deməkdir. Repetiror fəaliyyətinin olmağı əslində pis bir hal deyildir. Bu cür fəaliyyət tək bizdə deyil hətta dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur. Nümunə kimi sizə təhsil sistemi güclü olan Yaponiyanı misal çəkə bilərəm. Şagirdlərin hamısı eyni dərk etmə qabiliyyətinə sahib deyildirlər və bəzən elə şagirdlər olur ki, onları fərdi hazırlaşdırmaq mütləqdir. Sadəcə olaraq xarici ölkələrdə repetitorluq əlavə təhsildir, bizdə isə təhsilin özüdür. Bunun da səbəbi dövlət məktəblərinin keyfiyyətinin aşağı düşməsidir. Bəli, artıq neçə ildir ki, mən də repetitorluq fəaliyyəti ilə məşğulam. Nəinki, abituriyent hazırlığı hətta müəllim hazırlığı ilə də məşğul oluram. Dərslərimi müasir standartlara uyğun şəkildə qururam. Həftədə 2 dəfə olmaqla 4 saat müddətinə abituriyentlərlə məşğul oluram. Mən də gənc olduğum üçün abituriyentlərlə daha yaxşı anlaşa bilirəm. Abituriyentlərim arasında bu ilki qəbul göstəricilərim 100%-dir. Hazırlaşdırdığım onlarla abituriyent ölkənin müxtəlif universitetlərinin tələbəsi adını qazanmışdır.

Bir coğrafişünas olaraq gələcəyin xəritəsinin necə dəyişəcəyi haqda nə kimi mülahizəniz var?

  • Dünyanın xəritəsində daim kəmiyyət və keyfiyyət dəyişiklikləri olmuşdur və olacaqdır. Bu gün bir dünya müharibəsi yoxdur amma müharibə olmayan dünya yeri də demək olar ki, yoxdur. Dünyada baş verən soyuq və isti müharibələr dünyanın siyasi xəritəsinin dəyişməsinə səbəb olur. Xüsusən də bu gün Yaxın Şərqdə baş verən siyasi toqquşmalar dünyanın siyasi xəritəsinin yenidən işlənməsinin siqnallarını verir. Həmçinin ana təbiət də dəyişikliyi sevir. Təbii proseslər nəticəsində də dünyanın fiziki xəritəsində dəyişikliklər baş verməkdədir.

AMEA-da nadir rastlaşdığımız 25 yaşlı elmi işçi ilə söhbət edirik. Buna görə nəyə minnətdar olmalıyıq?

  • Təəssüf ki, bu gün idealları uğrunda irəliləyən gənclərimizin sayı çox azdır. Hər nə olursa olsun insan idealları üçün zövqlərindən imtina etməyi bacarmalıdır. Bu gün gənclərin əksəriyyəti daha yüksək maaşlı peşələrdə vəzifə tutmağa , öz həyat səviyələrini daha da yüksəltməyə meyillidirlər. Qısa şəkildə desək, maaşı işdən üstün tuturlar. Reallıq budur ki, bu gün AMEA məvacibi ilə yüksək yaşayış səviyyəsinə çatmaq qeyri-mümkündür. Mən isə hər nə olursa olsun sevdiyim Coğrafiya elmi ilə məşğul olmağı digər peşələrdən daha üstün tutmuşam. Bu elm sahəsinə olan marağım mənim yolumu AMEA-nın Coğrafiya institutu ilə kəsişdirdi. Gələcəkdə də təhsilimi davam etdirərək ixtisasım üzrə öncə fəlsəfə doktoru sonra isə elmlər doktoru elmi dərəcəsini almağı planlaşdırıram. Məhz elə bu səbəbdən mən karyeramı AMEA-da davam etdirirəm. Artıq 4 ildir ki, Coğrafiya institutunun əməkdaşıyam.

Bir gənc olaraq gənclərin müasir problemləri fikrinizcə hansılardır?

  • Düşünürəm ki, Azərbaycanda olan təhsil keyfiyyətlərinin dünya standartlarından aşağı olması gənclərimizinn həyatına mənfi təsir edir. Ali təhsil alan gənclərimizin əksəriyyəti ya işsizdir ya da təhsil aldıqları sahədə yox tamamilə başqa sahədə çalışırlar. İldən ilə universitetlərdə qəbul plan yerlərinin artırılması lakin mövcud iş yerlərinin bu plan tələbatına uyğun olmaması diplomlu işsizlər “ordu”sunun yaranmasına gətirib çıxarır. Həmçinin ali məktəbi bitirdikdən sonra iş yerlərinə müraciət edən gənclərimizin qarşılarına qoyulan yüksək tələblər onlar üçün böyük problemlərdən biridir. Universiteti yeni bitirmiş gənclərimizin müvafiq sahədə iş təcrübəsinin olmaması və onlar iş yerlərinə müraciət edərkən onlardan uzunmüddətli iş təcrübəsinin tələb olunması gənclərimizin aktual problemlərindən biridir.

Son olaraq tələbələrə və ümumiyyətlə gəncliyə nə xitab edərdiniz?

  • Gənclərə məsləhətim o ola bilər ki, sevdikləri peşənin arxası ilə getsinlər. Çünki bu şəkildə uğur qazanmaq daha asandır. Mən yuxarıda elmdə və təhsildə olan mövcud problemlərdən danışdım. Mənim bunu deməkdə məqsədim gəncləri elm və təhsildən ayırmaq deyil. Məqsədim odur ki, gənclər bu problemləri görərək elm və təhsilə yönəlsinlər və mövcud problemləri birlikdə həll edək. İnsan nə qədər çətin işin öhtəsindən gələrsə sonda o işin rahatlığı bütün çətinlikləri üstələyəcəkdir. Çünki, bir millətin gələcəyi gənclərin əlindədir. Gənclər də elm sahələrinə yönəldiyi müddətcə millətimizin gələcəyinə ümid var deməkdir. Dahi Nizaminin dediyi kimi “Qüvvət elmdədir başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>